10 noyabr 2023 12:05
418

Ən qanlı müharibələrin qızışdırıcıları ABŞ və onun marionetkası olan Avropa ölkələridir

Belələrinin başqalarına demokratiya dərsi keçməyə mənəvi haqqı çatırmı?

Bir fakt gün kimi aydındır ki,  Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti və onun uğurları əksər hallarda ikili standartları ilə diqqət çəkən bəzi Avropa ölkələri və beynəlxalq qurumlar tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə Ermənistanın əsas havadarı və himayəçisi funksiyasını öz üzərinə götürən Fransa,  Almaniya və bəzi beynəlxalq təşkilatlar hələ də Azərbaycanofob fəaliyyətlərini davam etdirirlər. Onlar illərlə işğalı həyata keçirən Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoymadan ədalətsiz mövqe sərgiləyiblər.

Bəli, son günlər aparıcı Avropa ölkələri rəsmilərinin Cənubi Qafqaza səfərləri intensivləşib. Belə ki, bir müddət əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvana səfər etmişdi. O, sanki anti-Azərbaycan çıxışı ilə bağlı estafeti İrəvana və Bakıya səfər edən almaniyalı həmkarı Annalena Berboka vermişdi. Qeyd edək ki,  Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İrəvanda Qərbi Zəngəzurda Qarabağdan könüllü olaraq köç etmiş erməni sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. O, İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında da rəsmi İrəvanın mövqeyini müdafiə edib. Noyabrın 6-da isə Azərbaycana səfəri zamanı o,  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdikləri brifinqdə yalan xarakterli açıqlamalar  verib. Xanım Berbok İrəvandan fərqli olaraq Bakıda özünü gizlətməyə, səmimi olduğunu göstərməyə çalışdı. Ancaq bütün hallarda qeyri-səmimi olduğu aydın şəkildə görünürdü.

Brifinqdə jurnalistlər ondan Qarabağdan və Ermənistandan olan məcburi köçkün və qaçqınlarla görüşüb-görüşmədiyini soruşublar. Xanım Berbok yalandan görüşdüyünü bildirib. Ancaq məlum olub ki, o, restoranlardan birində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Bu yalanları danışmaq azmış kimi  xanım Berbok Azərbaycanın inzibati ərazi vahidlərinin adlarını da saxtalaşdırıb. Nazirin bütün bunları bilərəkdən etdiyi şübhə doğurmur.

Bəli, bu gün müxtəlif Avropa platformalarında Azərbaycana qarşı qərəzli müzakirələr həyata keçirilməkdədir. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan öz gücü ilə işğaldakı torpaqlarını azad edib və oraya Böyük Qayıdış başlayıb. Bu isə sanki Avropanı xeyli əndişələndirir. Çünki keçmiş münaqişə vəziyyəti ermənipərəst Avropaya Cənubi Qafqaz regionunda öz mövcudluğunu qoruyub saxlamağa və məkrli maraqlarını təmin etməyə imkan verirdi. Onlar məhz üç il öncəyədək işğalçı, bu gün isə məğlub ölkə həyatını yaşayan Ermənistandan istifadə edərək hələ də Cənubi Qafqazda möhkəmlənmək istəyirlər. Lakin onların bütün bu vandal hərəkətlərinə rəğmən ölkəmiz dimdik ayaqdadır və bizə qarşı atılan bütün qeyri- adekvat addımlara vaxtında, həm də artıqlaması ilə cavab verilir.

Qondarma «Dağlıq Qarabağ Respublikası» özünü buraxdığını elan etdikdən sonra hələ də Avropa Parlamentinin, ona üzv ölkələrin bəzilərinin onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Avropa Parlamenti  Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyırdı.

Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə bəzi Avropa ölkələri nüfuzlarına sarsıdıcı zərbə vurur, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir. Avropa Parlamentinin anti-Azərbaycan və islamofob siyasətinin nəticəsidir ki, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri bu gün də aşağı səviyyədədir.  Bu qurumda təmsil olunan bir sıra deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edir. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür. Bu yanlış siyasəti ilə Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz siyasətini hələ də təhlükə altına atmaqda davam edir.

Sual olunur: ölkəmizə qarşı belə ədalətsiz mühitin olduğu Avropaya biz necə inteqrasiya edə bilərik? Axı onlar ədaləti görmək istəmədikləri üçün özlərini hələ də korluğa vururlarsa, ölkəmizin haqlı istək və əməllərini görməzdən gəlirlərsə biz onlarla necə bir yerdə addımlaya bilərik? Yeri gəlmişkən, Fransa və onun qulbeçəsi olan qurumların islamofob, irqçi və müstəmləkəçi siyasəti Prezident İlham Əliyevin sərt şəkildə səsləndirdiyi fikirlərlə ifşa edilib. Ölkəmizin başçısı ötən ay Bakıda «Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik» mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində bəyan edib ki, məhz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik.

Bütün bunlar bir daha onu göstərir ki, Avropa hər zaman öz davranışlarında, mövqelərində səmimiyyətdən uzaq olub, diskriminasiya halına yer verib. Nəzərə almaq lazımdır ki, Avropa bununla həm də özünün maraqlarını təhlükə qarşısına qoyur. Çünki Avropanın enerji təhlükəsizliyi bu gün birbaşa  Azərbaycandan asılıdır. Avropa İttifaqı rəsmiləri də bunu dəfələrlə vurğulayıblar.

Ən acınacaqlısı isə odur ki, bu gün Avropa hələ də xaricə demokratiya ixracı adı ilə ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyətlərin dəyişdirilməsinə çalışır. Ancaq haradakı xalqla iqtidar birliyi var orada onların avantürası baş tutmur. Necə ki, bu oyunu dəfələrlə ölkəmizə qarşı oynasalar da planları iflasa uğramışdır. Bundan başqa, hazırda dünyada davam edən ən qanlı müharibələrin də qızışdırıcıları ABŞ və onun marionetkası rolunda çıxış edən Avropa ölkələridir.  Onlar sözdə dünyada sülhə çağırış etsələr də əslində Ukraynada və Qəzzada başlayan müharibələrin başa çatmasına, atəşkəs elan olunmasına da mane olurlar.  

Elçin Zaman, «İki sahil»