9 noyabr 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik. Ölkəmizə qarşı 30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistanın riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin “etnik təmizləməsində” ittiham etməkdə davam etməsi, bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir.
“İki sahil” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhindən bildirib.
O qeyd edib ki, Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır.
Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəldikdə isə, ölkəmizin keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə tanınan Ermənistanın Azərbaycanı bu məsələdə ittiham etməsi tamamilə əsassızdır. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdindən başqa bir şey deyil.
Ayxan Hacızadə bildirib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur.
İƏT rəsmisi: Qarabağ Azərbaycanın əsas turizm və şəhərsalma mərkəzlərindən birinə çevrilə bilər
BƏƏ səfiri Azərbaycanla strateji tərəfdaşlıqdan və Qarabağdakı investisiya imkanlarından danışıb