11 noyabr 2023 22:10
985

Elçin Əmirbəyov: Köçənlərin ən azı üçdə biri Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır

Qarabağdan köçənlər hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün Azərbaycan vətəndaşları sayıla bilməzlər. Onların əksəriyyətinin artıq Ermənistan pasportları var və ən azı üçdə biri əslən Qarabağdan olanlar deyil, son onilliklərdə bir növ “müstəmləkəçilik” ruhunun təsiri ilə Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “İnTerris” nəşrinə müsahibəsində deyib.

Elçin Əmirbəyov nəşrin, “Nə qədər erməni əsilli Azərbaycan vətəndaşı Qarabağdan qaçıb? Və neçəsi qalıb? Və onların təhlükəsiz qayıtmasını təmin etmək üçün nə edirsiniz?”, - saulına cavabında bildirib ki, Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az adam qalıb: “Nəzərə çatdırım ki, bir çox konstitusiyada, o cümlədən İtaliya konstitusiyasında dövlətə ciddi təhlükə olan aqressiv separatizm qadağan olunub. Şübhəsiz ki, ümumi ab-havanı nəzərə alsaq, onları geri qaytarmaq mürəkkəb məsələdir. Biz başa düşürük ki, 30 illik münaqişədən sonra qaçmaq öngörülə bilən bir seçimdir, lakin bu onların özlərinin fərdi seçimi olmuşdur, baxmayaraq ki, Azərbaycan höküməti onlara ölkəni tərk etməməyə çağırışlar etmişdir. Biz Azərbaycana tezliklə qayıtmağa imkan verən portal yaratmışıq və biz bu insanların təhlükəsizliyinə, hüquqlarına və iqtisadi rifahına zəmanət vermək öhdəliyi götürürük. Hesab edirik ki, qalan az sayda insan, onların qaçanlarla təmasda olduğunu nəzərə alsaq, cəlbedici rol oynaya bilər”.