15 noyabr 2023 12:00
902

Hərracda satılan ən bahalı Ferrari/FOTO

 ABŞ-da Britaniyanın “Sotheby's” hərrac evinin satışa çıxardığı 1962-ci il model Ferrari 250 GTO 51,7 milyon dollara öz  alıcısını tapıb.

“Sotheby's” hərrac evi Ferrari 250 GTO-nun satıldığını açıqlayıb. 1962-ci il istehsalı olan lüks idman avtomobili hərracda satılan ikinci ən bahalı klassik avtomobil adını alıb.

Lüks avtomobil 2018-ci ildə “Sotheby's” tərəfindən 48 milyon dollara satılan digər Ferrari 250 GTO-nu  geridə qoyub.

Qeyd edilib ki, şassi nömrəsi 3765 olan avtomobil dörd litrlik mühərrikə və 390 at gücünə malikdir.

İtalyanın “La Repubblica”nəşrinin xəbərinə görə, 1962-ci il model Ferrarinin satış qiyməti dodaq uçuqladsa da, hərracda ən yüksək qiymətə satılan klassik avtomobil rekorduna çatmır.

Parlaq qırmızı rəngli Ferrari hərraca çıxarılmazdan əvvəl 38 il bir amerikalının kolleksiyasında olub.

“The New York Times” satıcının adının Cim Jaeger olduğunu təsdiqləyib.

Hərrac evi, avtomobilin hərracda satılan ən bahalı Ferrari və ikinci ən bahalı avtomobil olduğunu açıqlayıb.

Xatırladaq ki, ən bahalı avtomobil rekordu 2022-ci ildə 135 milyon avroya satılan Mercedes 300 SLR Uhlenhaut Coupe-ə məxsusdur.

Vüsal Cahanov, “İki sahil”