21 noyabr 2023 00:00
517

YAP 31 il: xalq-dövlət birliyinin zəfər partiyası

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrın 21-də yaranan, demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 31 ildir dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edir

Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası (YAP) yarandığı zamandan keşməkeşli yol keçib və qısa müddətdə ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Hər bir siyasi partiyanın keçdiyi yolu tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir.

Fəaliyyət göstərdiyi 31 il ərzində böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Müstəqilliyin bərpasının ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül demək olar ki, suverenliyimizə böyük zərbələr vurmuşdu. Ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək YAP-ın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Prezident İlham Əliyev ötən il Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə bildirmişdir: “Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi”.

31 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, YAP-ın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazanıb.

Son 20 ilin uğurları möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə təsdiqlədiyini göstərir. Dövlət başçısının əsas amalı ərazi bütövlüyümüzün bərpası, ərazilərimizin işğaldan azad edilməsi idi. Bu illər ərzində Azərbaycan bütün sahələrdə gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı, ordumuz Qələbəyə hazırlandı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı, Qələbəmizin əsas qəhrəmanı kimi yazdı. Dövlət başçımız ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən belə ifadə etmişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Bütün bu uğurlarımız xalq-iqtidar birliyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının da nüfuzunu artırır, yeni-yeni hədəflərə doğru inamla irəliləməsinə stimul verir. Təbii ki, görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməli və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Bir mühüm məqamı da qeyd etməliyik ki, sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. YAP tarixdə qələbələr və zəfərlər partiyası kimi imic qazanıb. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər ümumilikdə dövlətimizin daha da güclənməsinə, nüfuzunun artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Bu gün YAP dünyanın ən nüfuzlu siyasi partiyaları ilə fəal şəkildə əməkdaşlıq edir. Əməkdaşlığa daim açıq olan YAP partiyalararası siyasi dialoqa öz töhfələrini verir.

Sevinc Azadi, “İki sahil”