21 noyabr 2023 00:25
300

Əli Kərimlinin yeni “ev tapşırığı” və...

Qədim yunan filosofu Efesli Heraklitə məxsus olduğu güman edilən belə bir ifadə var: “Hər şey axır, hər şey dəyişir” və ya “Hər şey axır və heç bir şey yerində qalmır”. Yəni, “hər şey hərəkətdədir”. Bəli, hər şey dəyişir, fəsillərin dəyişdiyi kimi. Dünya da dəyişir, dünyanın nizamı da dəyişilir. Dünya təzədən şəkillənir. Yeni dünya nizamı qurulur. Qlobal iqlim dəyişikliyi planetimizə dərin və geniş şəkildə təsir edir. Həmçinin insanın xüsusiyyətlərini alqoritm kimi komputerə tətbiq etməklə süni zəka gerçəkləşdirilir. Cağdaş dünyamızda elm və texnologiyanın inkişafı sayəsində, necə deyərlər, “texnologiyanın diktaturası” qurulur. Dikatatura demişkən, düz 30 ildir ki, ölkəmizdə “müxalifətin diktaturasını” yaradan, saxta “müxalifətçilik”lə məşğul olaraq milli maraqlara zidd fəaliyyət göstərən AXCP sədri Əli Kərimli dəyişmir. Yəni, dünya dəyişir, hər şey hərəkət edir, Ə.Kərimli isə dəyişmir ki, dəyişmir.

Yəni.. Yənisi odur ki, bu gün cəmiyyətdə heç bir rolu, dəqiq ideya mövqeyi, sosial bazası, ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin çayxana təfəkküründən, küçə psixologiyasından əl çəkə bilməyən, sosial şəbəkələrdəki mənasız və məntiqsiz çıxışları, uzun-uzadı monoloqları ilə cəmiyyət tərəfindən ikrahla qarşılanan Ə.Kərimli pozucu, inkarçı müxalifətçilik metodlarından əl çəkərək yeniləşə bilmir. AXCP sədrinin sosial şəbəkələrin “You Tube”, “Facebook” kimi platformalarında mağara təfəkkürlü moizələri bunu bir daha təsdiq edir. Amma və lakin Ə.Kərimli unudur ki, ötən əsrin 90-cı illərindən fərqli olaraq yeni texnologiyalar əsrində insanları, xüsusilə də gəncləri aldatmaq, onları düz yoldan sapdırmaq mümkün deyil.

Şəxsi ambisiyaları naminə bütün müqəddəs dəyərləri ayaqlar altına atmağa hazır olan, manipulyativ fikirləri ilə  daim ictimai rəyi çaşdırmağa  çalışan Ə.Kərimli bu günlərdə İranda yaşayan azərbaycanlılarla bağlı Avropa Parlamentinin 9 üzvünün Avropa İttifaqı  Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali təmsilçisi  Cozep Borellə  müraciəti ilə bağlı yazısı ilə savadsızlığını, cahilliyini, ən başlıcası isə məkrliliyini bir daha ortaya qoyub  desək, yanılmarıq. AXCP sədri yazır: “Bu boyda hadisə necə diqqətsiz qalıb?  Dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün çox mühüm hadisə baş verib. “İranda yaşayan 30 milyon azərbaycanlı bir xalq olaraq təhlükədədir. Rejim onların “farslaşdırılması” siyasətini aparır”. Bu sözlər Avropa Parlamentinin 9 üzvünün Avropa İttifaqı  Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali təmsilçisi  Cozep Borellə  müraciətində (şərh bölümündə) yazılıb. Avropa Parlamentinin deputatları Avropa İttifaqı rəhbərliyini İranda yaşayan 30 milyon  azərbaycanlının hüquqlarını müdafiə etməyə çağırıb. Avropalı deputatların məktubunda Avropa İttifaqı rəhbərliyindən İranda yaşayan azərbaycanlılara qarşı diskriminasiyaların dayandırılması üçün təsirli tədbirlər görülməsi istənilib”.

Əli Kərimli “Bu boyda hadisə necə diqqətsiz qalıb?” deməklə yenə “gül vurdu”. Niyəsini deyək. Ona görə ki, radikalların “xaç atası” yəqin bilməmiş deyil ki, dövlətimizin başçısı 2022-ci il noyabrın 25-də Bakıda ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında bildirmişdi ki, Azərbaycan dövləti  İranda yaşayan soydaşlarımızın müdafiəsi üçün əlindən gələni edəcək. Ölkəmizin başçısı, həmçinin İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almasının vacibliyini də diqqət mərkəzinə gətirmişdi: “Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.

İnkarçılığı və pozuculuğu ilə “Ginnesin Rekordlar Kitabı”na ön səhifələrində yer almağa layiq olan Ə.Kərimli nədənsə bütün bunları görməzlikdən gələrək Avropa Parlamentinin 9 üzvünün İrandakı soydaşlarımızla bağlı Avropa İttifaqı  Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali təmsilçisi Cozep Borellə  müraciətini tələm-tələsik şərh edərək xaricdəki ağalarından aldığı “ev tapşırığı”nı yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. Nə etsin? Axı Əli Kərimlinin “ipi” onların əlində, əli isə bu zatların və ya zatıqırıqların cibindədir.

Təbii ki, nə o Avropa Parlamentinin 9 üzvünün cənublu soydaşalarımızla bağlı müraciətinin səmimiyyətinə, nə də öz korporativ maraqları naminə anti-Azərbaycan dairələrlə sıx iş birliyində olan Ə.Kərimlinin bu müraciətlə bağlı isterikalı çıxışlarının dürüstlüyünə heç kim inanmır. Çünki biz alt qatında məkrli “X günü” olan belə müraciətləri çox görmüşük. Ona görə də cəmiyyətimiz belə çirkin oyunları saf çürük etməyi yaxşı bacarır. Bunu hər kəs yaxşı bilsin....

Zahid Rza, “İki sahil”