23 noyabr 2023 16:34
938

Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi narkotiklərə qurban verməyək!” mövzusunda tədbir keçirilib FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq noyabrın 23-də Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi narkotiklərə qurban verməyək!” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarını təmsil edən  gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Xaliq Qurbanov,  Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış ediblər.

Qeyd olunub ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir.  Narkomaniya ilə mübarizə vəzifəsindən, sosial mənşəyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsin  vətəndaşlıq və mənəvi borcuna çevrilməlidir.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.