24 noyabr 2023 14:44
656

YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin məşğələsi keçirilib - FOTO/VİDEO

YAP Sumqayıt şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş “Heydər Əliyev Məktəbi”nin ilk məşğələsi keçirilib.

“İki sahil” xəbər verir ki, Məktəbin ilk məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov və şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əvvəlcə şəhər təşkilatının sədri məktəbin məramı, dinləyicilərin seçilməsi, dərslərin proqramı ilə bağlı məlumat verib, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əsrlər boyu öyrəniləcəyini, bu barədə cildlərlə kitabların yazılacağını, elmi əsərlərin ərsəyə gələcəyini bildirib. Məktəbin dinləyicilərinin təşkil olunmuş dərslərdən öyrənəcəkləri məlumatların onların həyatlarında mayak rolunu oynayacağını söyləyən Ramiz Hüseynov gənclərə uğurlar arzulayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Liderlik zirvəsini fəth edən dahi” mövzusulu məruzəsi ilə məktəbin ilk dərsinə start verib. Zakir Fərəcov bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz uğurlara imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır: "Şərqdə ilk demokratik respublika yaratmış və 32 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın regionun liderinə və qalib ölkəyə çevrilməsi, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olmuşdur. Anadan olmasının 100-cü ildönümünü dərin ehtiramla və böyük minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərində - müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu olduqca mürəkkəb şəraitdə xalqın qətiyyətli dəstəyi və öz liderlik keyfiyyətləri ilə Azərbaycanı tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna çıxarmış, məqsədyönlü və uzaqgörən siyasəti ilə respublikamızın gələcək inkişaf yolunu müəyyən etmişdir".

Zakir Fərəcov vurğulayıb ki, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirilməsidir: "Gəncləri Azərbaycanın bu günü, sabahı və ümidi adlandıran Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik dövründə respublikamıza rəhbərlik etdiyi zaman intellektual, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir.

Məruzəsinin sonunda gənclərin suallarını cavablandıran Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Heydər Əliyevin ideyaları əsasında günü-gündən çiçəklənən doğma Azərbaycanımızın daha parlaq gələcəyi üçün yeni-yeni uğurlar arzulayıb.