25 noyabr 2023 18:20
405

“SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgisi başa çatır

Noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi bu gün yekunlaşır.

“İki sahil” xəbər verir ki, SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilib. Bakı Ekspo Mərkəzinin 4 min kvadratmetrlik sahəsini əhatə edən sərgidə yalnız SPECA ölkələrinin stendləri yer alıb. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal olunan məhsullar nümayiş etdirilir. Burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunub. Milli Stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edir.

Sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunub.

Bu sərgidə Ümummilli Lider Heydər Əliyevə həsr edilən xüsusi stend də nümayiş olunur. Burada Ulu Öndərin 100 illiyinə həsr olunmuş videoçarx, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən 11 kitabın nüsxəsi və markalar təqdim edilib. Bundan başqa, stenddə “AzerGold” QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə də nümayiş olunub.

Sərgidə, eyni zamanda, İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Triptix” üçlü xalça kompozisiyası təqdim olunub. Burada, həmçinin “44” kolleksiyası da nümayiş olunub.

Sərginin açıq sahəsində iştirakçı ölkələr tərəfindən nəqliyyat vasitələri, həmçinin sənaye, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid avadanlıqlar və ağır texnikalar nümayiş olunub.