01 oktyabr 2026 10:00
115

SOCAR və tərəfdaşlarından tarixi anlaşma: “Abşeron” yatağı tam gücü ilə işləniləcək

Kapital qoyuluşunun ümumi məbləği təxminən 4,2 milyard ABŞ dolları təşkil edəcək

Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkəmizin neft-qaz sektoru ilə bağlı da bir sıra mühüm sənədlər imzalanıb. Forumun gedişində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarı qəbul edilib. SOCAR-ın “Abşeron” yatağının tammiqyaslı işlənməsinin təfərrüatlarına dair açıqlamasına əsasən, növbəti mərhələdə əlavə quyuların qazılması, eləcə də yeni emal infrastrukturunun yaradılması planlaşdırılır. Bununla bağlı kapital qoyuluşunun ümumi məbləği təxminən 4,2 milyard ABŞ dolları təşkil edəcək. Bu barədə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, işlənmə proqramına dörd sualtı istismar quyusunun qazılması, təqribən 142 kilometr uzunluğunda çoxfazalı dəniz boru kəmərinin inşası və Səngəçal zonasında yeni emal infrastrukturunun yaradılması daxildir. FFD çərçivəsində plato (maksimum hasilat) mərhələsində qaz hasilatının həcmi ildə təxminən 4,5 milyard kubmetrə çatmalıdır. İlk təbii qazın isə 2029-cu ildə çıxrılması planlaşdırılır.

B.Hüseynov layihənin inkişafı, müqavilə ilə bağlı mürəkkəb məsələlərin tənzimlənməsi və investisiya öncəsi mərhələdə maneələrin aradan qaldırılmasında SOCAR-ın, həmçinin şirkətin "SOCAR Upstream Management International" (SUMI) bölməsinin, kommersiya və hüquq şöbələrinin vacib roluna diqqət çəkib. Bundan başqa, o, SOCAR tərəfindən təsdiqlənmiş dördüncü şərq quyusunun layihəyə daxil edilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Sözügedən yataqda qazın hasilat göstəricisinin 60 faizdən çox olacağı proqnozlaşdırılır və bu da qlobal sənaye standartlarına uyğundur. "Bu mərhələdə vəzifəmiz tamamilə aydındır - 2029-cu ildə ilk qazın əldə edilməsinə nail olmaq. Biz "TotalEnergies" şirkətinin layihənin təhlükəsizlik normalarına riayət olunmaqla müəyyən edilmiş müddətdə və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilməsini təmin edəcəyini, SOCAR-ın isə lazımi dəstəyi göstərməyə davam edəcəyini gözləyirik", - B.Hüseynov vurğulayıb.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi layihəsində 35 faizlik paya malik “TotalEnergies” şirkəti də yeni layihə ilə bağlı detalları açıqlayıb. Fransa şirkətindən bildirilib ki, tammiqyaslı işlənmə çərçivəsində yatağın layihə gücünə çatmasından sonra ümumi hasilatın ildə 6 milyard kubmetr qaz və 47 min barel kondensatadək artırılması nəzərdə tutulur. İstehsal olunan qaz həm Azərbaycanın daxili bazarına tədarük ediləcək, həm də ölkəmizi Avropa qaz bazarı ilə birləşdirən mövcud nəql infrastrukturu vasitəsilə Türkiyəyə ixrac olunacaq.

“Layihə çərçivəsində qaz dənizdə yerləşən 4 sualtı quyudan hasil ediləcək və müasir avtomatlaşdırma sistemləri ilə təchiz olunmuş sualtı boru kəməri vasitəsilə sahilə nəql olunacaq. Sahildə tamamilə elektrikləşdirilmiş, enerji istehlakının və istixana qazı emissiyalarının minimuma endirilməsi nəzərə alınmaqla layihələndirilmiş yeni qaz emalı zavodu inşa ediləcək”, – deyə açıqlamada qeyd olunub. “TotalEnergies”in məlumatına görə, layihənin 1-ci və 2-ci əhatə dairələri üzrə istixana qazı emissiyalarının intensivliyi neft ekvivalentinin hər barelinə 4 kiloqram karbon qazı ekvivalentindən az olacaq.

Xatırladaq ki, "Abşeron" yatağı 1960-cı illərdə azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib. Həmin dövrdə mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq saziş imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. 2009-cu il fevralın 27-də SOCAR ilə “Total” şirkəti arasında “Abşeron” yatağının işlənilməsi ilə bağlı yeni müqavilə imzalanıb. Sazişin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 750 kvadratkilometrə yaxın ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işlərinin nəticəsi olaraq 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkara çıxarılması rəsmən elan edilib. Ümumilikdə isə, yatağın çıxarıla bilən ehtiyatları, təxminən, 350-400 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir.

2020-ci il sentyabrın 19-da isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə başlanılıb. SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən “Abşeron”da hasilata başlamaq üçün dörd əsas dayaq bloku və digər sualtı qurğular tikilib. Tikinti layihəsi çərçivəsində ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklar, körpülər, estakadalar, məşəl sistemi, sualtı qurğular, boru xətti və modullar inşa edilərək müqavilə sahəsində quraşdırılıb. Qaz və kondensat ehtiyatlarının zənginliyi ilə seçilən “Abşeron” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasilata isə 2023-cü il iyulun 10-da başlanılıb. Həmin ilin sonunadək layihənin operatoru olaraq təsis edilmiş JOCAP əməliyyat şirkəti tərəfindən “Abşeron” yatağından 0,3 milyon ton kondensat və 0,8 milyard kubmetr qaz çıxarılıb. Energetika Nazirliyinin 2026-cı il iyulun 10-da yaydığı rəsmi məlumata əsasən, ötən müddətdə yatağın işlənməsinin ilkin hasilat mərhələsində, təqribən, 4,8 milyard kubmetr təbii qaz və 1,8 milyon tona yaxın kondensat hasil edilib. Hazırda burada hasilat yalnız 1 dərin dəniz quyusundan (ABD-001 quyusu) istifadə edilməklə həyata keçirlir. Bu mərhələnin illik istehsal gücü isə 1,5 milyard kubmetr qaz və sutkada 12 min barel kondensat təşkil edir. Yeri gəlmişkən, ilkin hasilata başlanıldığından bir qədər sonra “Abşeron” layihəsi ilə bağlı daha bir əlamətdar hadisə baş verib. Belə ki, avqust ayının 4-də SOCAR, “TotalEnergies” və ADNOC (Birləşmiş Ərəb Əmirlikləri) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti “Abşeron” qaz-kondensat yatağında həmin paya sahib olub. Yerdə qalan iştirak payları isə hər biri 35 faiz olmaqla SOCAR və “TotalEnergies” şirkətləri arasında bölünüb.

Sevinc Azadi, “İki sahil”