27 noyabr 2023 23:15
966

Laçın kimi... FOTOLAR

Möcüzə şəhərə səfər düşüncələri

Proloq əvəzi

Lap əvvəldən başlamaq istəyirəm. Baş redaktorumuz Vüqar Rəhimzadənin bir axşam “səni Laçına göndərmək istəyirik...” zəng-müjdəsi yola çıxacağımız günə qədərki gecələrimi dirigözlü sabah edəcəyim həyəcana, xoşbəxtliyə çevrildi. Dumanlı xatirələrimdə gizlənib qalmış o gözəl yurd yerlərimizi, həsrət nəğmələrimizin ünvanı Laçını, hələ üstəlik şanlı Zəfərimizin şah əsəri, qeyrət qalamız Şuşanı yenidən görmək səadəti yuxu əvəzi dincliyim oldu. Yaşamayan haradan bilsin ki, otuz bir il anasından ayrı salınmış övladın həsrətinin sona yetməsi, vüsal anının sayılı saatlar, günlər qədər yaxın olması nə deməkdir? Yaşamayan haradan bilsin ki, işğaldan azad edilmiş o torpaqlara qədəm qoymaq bizim üçün ömrünün otuz bir ilini ibadətlə keçirmiş mömin müsəlmanın Həcc, Kərbəla ziyarəti qədər müqəddəsdir? Tanrı qəbul edəcək, inşAllah...

Barıt qoxulu o yollar, o yollar...

Kaş ki, yollar qısalaydı! Horadiz qəsəbəsinə yaxınlaşdıqca maşının açıq pəncərəsindən işğaldan azad olunmuş torpaqlarımızın ətrini duymağa çalışırıq. Şərqi Zəngəzura, Qarabağa ilk dəfə səfər edəcək gözəl Naxçıvan diyarından olan iş yoldaşlarım Zahid müəllimin də, gənc operatorumuz Arazın da həyəcanı məsuliyyətimi daha da artırır. Mən bir növ ev yiyəsi sayılıram axı bu səfərdə. Bizə bələdçilik edən, ürəyi Laçın sevgisi ilə dolu İradə xanım Nəsirovadan sonra təbii ki...

Bir vaxtlar barıt qoxuyan bu Vətən yolu rahat olsa da getdiyimiz istiqamətdə yalnız bir hərəkət zolağı var. Belə yolda qarşına bir-birinin ardınca düzülmüş böyük yük maşınları karvanının çıxması əsasən də bizim kimi tələsənlər üçün ən arzuolunmazdır. Ancaq deyinməyə macal belə qalmır. Tezliklə bu avtomobillərin Laçının Zabux kəndinə əbədi dönən sakinlərin yüklərini daşıdığı məlum olur. Xatırlayıram, səhər evdən çıxmamış xəbərlərə göz gəzdirəndə rastıma çıxmışdı. Bu gün, noyabrın 23-də daha 93 nəfərdən ibarət 25 ailənin doğma yurd həsrətinə son qoyulur. Yaşayış məntəqələrindən keçəndə Laçına gedənlərin sevincini toy karvanlarında olduğu kimi, uzun səs siqnalları ilə hamıya car çəkən yük maşınlarına biz də qoşuluruq. Nə toy, bundan böyük sevinc, bundan gözəl bayram olar?

Yeni Füzuli – toz içində çiçək

...“Siz işğaldan azad edilmiş ərazilərə daxil olursunuz!” Burdan sonra ətrafda olan nə varsa dördgözlə yaddaşımıza yazmağa, bəlkə heç nəyə yaramayacaq ən adi şeyləri də diqqətdən qaçırmamağa çalışırıq. Biz əvvəldən də bu torpaqların hansı qəhrəmanlıqlar hesabına azadlığına qovuşduğunun fərqindəydik, ancaq Füzuliyə yaxınlaşdıqca yolun kənarındakı səngərləri, müdafiə səddlərini, erməni vəhşiliyinin qurbanına çevrilmiş, xaraba qoyulmuş kəndləri, dağıdılmış qəbiristanlıqları gördükcə Qələbəmizin mahiyyətini daha yaxşı dərk etmək olur. Elə Alxanlı postundan keçənlərin sənədlərinin niyə diqqətlə yoxlanılmasının səbəbləri də. Bir ucdan təmizlənsə də uczus-bucaqsız ərazilərdə hələ də ölüm saçan minalar ermənilərin insanlığa sığmayan cinayətlərinin sübutu kimi yer altında gizlənub. Dağıntıların insanı vahiməyə salan miqyası isə dünyanın ədalət hissini itirdiyinin sübutudur.

Allaha şükürlər olsun, Füzuliyə həyat qayıdıb. Bir tərəfi Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər kimi viranə qoyulmuş, ruhlar şəhərinə çevrilmiş Füzulinin bir tərəfində insan məskən salır. Yeni Füzuli göz oxşayır, ümid verir, xoşbəxt edir. Bu yerlərdən daha top-tüfəng gurultusu deyil, uşaqların şaqraq gülüşləri yüksələcək bundan sonra!

Bu həmin Daşaltıdır ki...

Zəfər yolu sanki iki məqsəd üçün bu yerlərdən keçir: Birincisi, igidlərimizin tarixdə misli görünməmiş qəhrəmanlıqlarını, onların az sonra görünəcək alınmaz qalamızı azad etmək üçün hansı çətin yollardan keçdiklərini xatırlatmaq üçün. İkincisi, Qarabağın təbiətini, gözəlliklərini göz dolusu görə bilmək üçün. Hə, bu yolu müqəddəs edən bir şey də var – bu yol enişləri, dik yoxuşları, dolanbacları, sərt döngələri ilə ziyarət yoludur axı!

Axır ki, azadlığın bəxş etdiyi qürurdan qəddi düzəlmiş, qayaları cilvələnmiş Şuşaya yaxınlaşırıq. Bu da sıldırımların kölgə saldığı Daşaltı. Yəqin, bu yerdən keçəndə çoxumuz 1992-ci ilin qanlı, xəyanət, satqınlıq nəticəsində 90-dan artıq Azərbaycan oğlunun şəhid olduğu 25 yanvar əməliyyatını xatırlayacağıq. Yaddaşımı təzələməyə çalışıram. Həmin gün mən də Şuşadaydım. Hətta əməliyyata hazırlığın getdiyi Cıdır düzünə yaxınlaşmaq da istəmişdim, qoymamışdılar. Bir neçə saatdan sonra həmin vaxt qayanın başında silahlarına sarılmış vətənpərvərlər Vətən xainlərinin hazırladıqları tələyə qurban gedəcəkdilər, bir gün sonra bütün Şuşa, bütün Azərbaycan onlar üçün yas saxlayacaqdı...

Qeyri-ixtiyari dilimizdən yol boyu tez-tez səsləndirdiyimiz “Allah ermənilərə də, satqınlara da lənət eləsin!” qarğışı, “Allah şəhidlərimizə rəhmət eləsin!” duası, “Allah bizə bu gözəl günləri bəxş edən Müzəffər Ali Baş Komandanımızı, rəşadətli ordumuzu qorusun!” nidası səslənir.

Laçınım mənim!

Şuşanın qonaqlarını Azərbaycan və Türkiyə bayraqları ilə salamladığı girişindən üzü Laçına doğru istiqamət götürürük. Şuşanı görmək üçün bir gün də ürəyimizə daş basacağıq. Eybi yox, vüsal bir az da şirin olacaq...

Şuşa-Laçın yolu mənə tanışdır. 31 il əvvəl arzularımı, ümidlərimi, məsum uşaqlıq xatirələrimi geridə buraxıb, həsrəti, məcburi köçünlüyün əzab-əziyyətlərini, Vətənsizliyi bağrıma basıb, göz yaşlarımı içimə axıtmağı öyrənə-öyrənə hərbi yük maşınında bu yolla Qubadlıya, oradan da Göyçaya getmişdim. Bu günsə Qalib Azərbaycanın qürurlu vətəndaşı, xoşbəxt jurnalisti kimi geri dönürəm! Bəlkə mənə elə gəlir, ancaq sanki mən bu yolun kənarında olan ağacları, daşları, meşələri, qaralmağa macal tapmamış böyürtkənləri, sağda-solda ucalan dağları tanıyıram. Deyəsən, elə onlar da məni xatırladılar, təbiət də gəlişimə, gəlişimizə ürək dolusu sevinir. Yoxsa ilin-günün bu vaxtında, noyabr ayının sonlarında Laçında belə günəşli hava başqa nə vaxt görünüb ki?

Qəribədir, nə yolun yorğunluğunu hiss etmədik, nə aclıq. Hələ xeyli qaldığını düşündüyüm bir vaxtda qəflətən qarşımızda Laçının əsrarəngiz mənzərəsi açıldı –  Ziyarətgahımıza çatmışıq!

Həsrəti bitənlərin sevinc göz yaşları

Hər yeni görüntüsünü fəxrlə, sevgiylə izlədiyim Laçın yəqin tarixinin ən sevincli, unudulmaz günlərini yaşayır. Dağın döşündə, qayaların üstündə laçın kimi dayanan, yenidən, daha gözəl, daha möhtəşəm inşa edilən, qurulan şəhər öz ərazisi və sakin sayı ilə uyğun gəlməyəcək tərzdə qaynayır sanki. Küçələrindəki hərəkətliliyə baxanda bu qədər qısa müddətdə bu qədər işlərin necə görülüb başa gətirildiyini, bu sürətlə hələ nələr olacağını təsəvvür etmək mümkündür. Laçın təkcə Azərbaycanın deyil, Avropanın, hətta dünyanın ən gözəl şəhərləri ilə rəqabət aparmağa hazırlaşır. Özü də çox iddialıdır...

Laçınlı qonaqpərvərliyi ilə qarşılanırıq. Sakinlərin “nümayəndəlik” adlandırdığı yerdə görüşdüyümüz “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev kömək üçün nə lazımdırsa edəcəklərini deyir. Çox sağ olsun, edir də. Gecələmək üçün “Laçın” oteldə yer məsələmiz həll olunur, bizə bələdçilik etmək üşün Xidmətin əməkdaşı Sahib Əhmədzadəni təlimatlandırır. Elə Sahib qardaşın dəvəti ilə 31 bir illik qəzəbi soyumuş, suları durulmuş, ətrafı qeyri-adi zövqlə abadlaşdırılmış Həkərinin sahilində bir qismət yeməyimizi yeyib vaxt itirmədən üz tuturuq Zabux kəndinə. Yazmışdım axı, bu gün yenidən qurulan Zabux yeni sakinlərini qarşılayır.

Tam vaxtında çatmışıq. Əvvəldən məskunlaşmış zabuxlular bir az əvvəl çatmış kəndlilərinin, qohum-əqrəbalarının başlarına yığışıblar. Qucaqlaşıb görüşənlər, bir-birilərini təbrik edənlər... Vaxtilə Ermənistan hakimiyyətinin min-bir vədlərlə Suriyadan, Livandan, Fransadan erməniləri qeyri-qanuni gətirib məskunlaşdırdıqları Zabux indi əsl sakinlərinin və əsl sahiblərinin qayıdışını bayram edir. Sevincin sevincə qarımasının bir səbəbi də odur ki, bir vaxtlar ümidsizcəsinə “kaş torpaqlarımız qayıdaydı, gedib çadır qurub yaşayardıq” deyən keçmiş məcburi köçkünlərə öz doğma yurdlarına çatan kimi yeni, yarlı-yaraşıqlı evlərinin açarları təqdim edilir. Hansı hisslər keçirdiklərini soruşuruq. Sözlə ifadə edilməsinin asan olmadığı bəllidir. Ancaq hamısı ilk olaraq qəbiristanlıqlarını ziyarət edəcəklərini deyirlər. Bir də hər biri onlara bugünkü xoşbəxt anları yaşadan əziz şəhidlərimizin müqəddəs ruhlarına rəhmət, qazilərimizə şəfa, böyük Zəfərimizin memarı olan Prezidentimizə cansağlığı diləyir. Özü də içdən, ürəkdən, sevinc göz yaşları ilə...    

O görünən Naxçıvanın dağları deyil?

Laçının gecələri bir başqa imiş. Dağın döşünə səpələnmiş işıqlar qəribə mistik bir ab-hava yaradır. İnanın ki, tam mübaliğəsiz, insan özünü nağıllar aləmində hiss edir. Elə səhərləri də gecələrindən geri qalmır. Təmiz dağ havasını ciyərlərinə çəkdikcə sanki ömrünün uzandığını, əgər varsa bədənindəki ağrı-acının çıxdığını, ruhunun dinclik tapdığını iliklərinə qədər duyursan. Hətta danışırlar ki, əvvəl məskunlaşdığı yerdə qan təzyiqindən, şəkər xəstəliyindən əziyyət çəkən laçınlıların hansı gəlib bir müddət bu sehrli torpaqlarda qalıbsa bütün narahatlıqları yoxa çıxıb. Yəqin ona görə Laçında yaşayanların üzlərəndə qəribə bir işıq var...

Laçından baxanda Qərbi Azərbaycanın bir hissəsi, hətta Naxçıvanın dağları aydın görünür. Havanın təmizliyindən sanki əl uzatsan çatacaq məsafədədir. Naxçıvanlı iş və səfər yoldaşlarım üçün Laçından Naxçıvana boylanmaq da bir başqa təəssürat yaradır yəqin. Hamımız nə vaxtsa indi Laçına gəldiyimiz kimi, buradan da maneəsiz Qərbi Zəngəzurdan keçib Naxçıvana gedə biləcəyimiz gün üçün dua edirik. Əminik, inşallah, o günlər də gələcək!

İş də var, hər cür şərait də...

Mütləq qeyd etməliyəm ki, Laçına qayıdan sakinlərin məşğulluq məsələləri xüsusilə diqqətdə saxlanılır və az qala onların özləri gəlməmişdən əvvəl həll olunur. Necə? Baxmayaraq ki, bu barədə Elnur müəllimin səmimi söhbəti, səsləndirdiyi faktlar da inanmaq üçün yetərli ola bilərdi. Ancaq yenə bəxtimizdən bir gün əvvəl qayıdışlarında iştirak etdiyimiz zabuxluların bir qisminin elə səhəri gün, necə deyərlər, tərləri soyumamış Laçındakı 2 saylı tam orta məktəbdə keçirilən Əmək yarmarkasında işlə təmin edildiklərinin şahidi olduq. İş də varsa daha doğma diyarda yaşamaqdan gözəl nə ola bilər ki? Yəqin ona görədir yarmarkada iştirak edən xeyli müddətdir burada məskunlaşmış sakinlər bütün laçınlıları bura, doğma şəhərə qayıtmağa səsləyirlər...

Nə qədər ayrılmaq istəməsək də, təəssüf ki, geri dönmək vaxtıdır. Yola çıxırıq. Ancaq nə sirdirsə addım-addım uzaqlaşdıqca Laçın sanki maqnit kimi bizi geri çəkir. Sanki orada nəyisə qoyub gəlirik. Və o nə isə bizi bir gün mütləq geriyə, Laçına aparacaq...

Salam, Şuşa, mənim azad şəhərim!

Şuşanın giriş postunu keçib dayanırıq. Polislərin icazəsi ilə müqəddəs bayraqlarımızın dalğalandığı sinəyə çıxıb diz çökürəm. Əhdim vardı, bu gün əhdimin reallaşdığı, arzularımın gerçək olduğu gündür! Əyilib kəklikotu qoxulu torpağından öpürəm Şuşanın. 31 ildir içimə axıtdığım göz yaşlarıma bu dəfə hakim ola bilmirəm. Hiss edirəm ki, sevinc göz yaşlarımı içimə axıtsam boğularam! Həzin-həzin, hıçqıra-hıçqıra ağlayıram, lap uşaq vaxtı olduğu kimi. Deyəsən, o vaxt qoyub getdiyim uşaqlığım məni burada, Şuşanın sıldırım qayalarının ətəyində gözləyirmiş. Şükür qovuşdurana! Şükür azad Şuşama! Şükür azad Vətənimə!

Başından ayağına qədər bütöv bir tikinti meydançasını xatırladır Şuşa. O da Laçın kimi gözəlləşir, yenilənir, həvəslə öz sakinlərinin gələcəyi günə hazırlaşır. Şəhərin demək olar ki, hər yerində dayanmadan iş gedir. Mədəniyyətimizin beşiyinin yeni ecazkar simasına qovuşacağı günə az qalıb, lap az.

Vaxtımız nə qədər məhdud olsa da, ziyarət imkanını dəyərləndirməyə çalışırıq. Yuxarı Gövhər Ağa məscidini, Vaqifin məqbərəsini, Cıdır düzünü görməyin, yuxarıdan aşağı azad Xankəndini seyr etməyin yaratdığı insanın içini daşdıran duyğuları ifadə etmək o qədər də asan deyil...

Fürsətdən istifadə edib doğulub-böyüdüyüm, vaxtilə ermənilərin qarşısında mərdliklə dayanaraq sona qədər məğlub olmadan döyüşən kəndimə sarı, doğma Kosalarımın dağlarına, Qırxqıza boylanıram. Daha düşmən tapdağında deyil yurdum, bizi gözləyir! 

Və epiloq əvəzi

Sanki Zəfər yolu ancaq bir istiqamətə getmək üçündür. Yəqin ziyarətə gedən yolların hamısı belədir, gedirsən, ancaq geri dönmək istəmirsən. Bakıya qayıtmaq zamanı gələndə təsəllimiz o idi ki, daha Laçınımıza, Şuşamıza getmək əlçatmaz arzu deyil. Əlbəttə ki, məqamı uca, məkanı cənnət şəhidlərimizin, Vətən yolunda canını heçə sayan qazilərimizin, torpaq uğrunda can alıb, can verən qəhrəman oğullarımızın və qətiyyəti, dönməz iradəsi, əzmi, ən başlıcası isə bütöv Azərbaycan sevgisi naminə yorulmadan çalışan, çarpışan Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev sayəsində! Bizim hələ gedəcək daha neçə Zəfər yolumuz var...

Mahir Rəsuloğlu,
“İki sahil”, (Bakı-Laçın-Şuşa)