21 avqust 2026 11:07
106

Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb

Müstəmləkəçilik yalnız ərazilərin işğalı ilə məhdudlaşmayıb, eyni zamanda siyasi hakimiyyətə, sosial kimliklərə, iqtisadi münasibətlərə və cəmiyyətdə ayrı-seçkilik mexanizmlərinə təsir edən institutlar formalaşdırıb. Bu strukturlar formal müstəmləkəçilik başa çatdıqdan onilliklər sonra belə bir sıra keçmiş müstəmləkələrdə öz təsirini saxlayır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Ruanda Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqa avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Səfir bildirib ki, tarixi hadisələrin müasir siyasətə və gələcək fəaliyyət istiqamətlərinə təsiri nəzərə alınmalıdır.

“Düzəldici ədalət tarixi zərərin aradan qaldırılmasına, eyni zamanda, dövlətlər və cəmiyyətlər arasında daha güclü və həmrəy münasibətlərin formalaşdırılmasına xidmət edir”, – deyə Ç.Kayonqa qeyd edib.

O vurğulayıb ki, müstəmləkəçiliklə bağlı siyasi təcrübənin öyrənilməsi uzunmüddətli nəticələri anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

“Müstəmləkəçilik sadəcə əraziləri işğal etmədi. O, siyasi hakimiyyətin formalaşmasına, sosial kimliklərə, iqtisadi təşkilatlanmaya, eləcə də cəmiyyət daxilində kimlərin proseslərə cəlb edilməsi və kimlərin kənarda saxlanılmasına təsir edən institutlar yaratdı. İnstitusional strukturlar bir sıra keçmiş müstəmləkələrdə bu gün də müəyyən mənada davam edir və onların təsirlərinin aradan qaldırılması üçün tarixi proseslərə daha dərindən nəzər salmaq zəruridir”, - deyə səfir əlavə edib.

O qeyd edib ki, müstəmləkəçilik Ruandanın sonrakı siyasi inkişafını mexaniki şəkildə müəyyənləşdirməyib, lakin sonrakı siyasi aktorların fəaliyyət göstərdiyi institusional və sosial çərçivənin formalaşmasına təsir göstərib.

“Bu strukturların mahiyyətini və onların yaratdığı uzunmüddətli nəticələri aydın şəkildə ortaya qoymaq vacibdir. Yalnız bundan sonra tarixi məsuliyyət, ədalətin bərpası və reparasiya məsələləri ətrafında mənalı və əsaslandırılmış müzakirə aparmaq mümkündür”, – deyə Ç.Kayonqa bildirib.