28 noyabr 2023 14:08
179

"Qarabağ" belçikalı hakimin idarə etdiyi oyunlarda qələbə qazana bilməyib

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununu idarə edəcək Erik Lambrexts daha əvvəl də "köhlən atlar"ın matçlarına təyinat alıb.

“İki sahil” xəbər verir ki, 2013-cü ildən beynəlxalq görüşlərdə iş başında olan 39 yaşlı belçikalı ədalət təmsilçisi Ağdam klubunun ötən mövsüm Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzduğu qarşılaşmada fit çalıb.

Lambrexts 2021-ci ildə isə həm Azərbaycan millisinin, həm də "Qarabağ"ın bir oyununda ədaləti qoruyub. FIFA referisi DÇ-2022-nin seçmə mərhələsində yığmamızın səfərdə Serbiyaya məğlubiyyətinə (1:3), həmçinin Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda Bakıda "Bazel"lə qolsuz heç-heçəsinə şahidlik edib.

Bundan əlavə, o, 2018-ci ildə U-19 millimizin iki matçında iş başında olub. Komanda AVRO-2019-un seçmə mərhələsində Lixtenşteynə qalib gəlib (3:0), İsrailə isə uduzub (1:4).

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. H qrupunda “Qarabağ” ikinci, “Molde” isə üçüncü pillədə qərarlaşıb.