28 noyabr 2023 17:08
246

Mundialın təşkilat komitəsinin nümayəndəsi: Qalib gəlmək üçün bütün gücümüzlə mübarizə aparacağıq

"Qalib gəlmək üçün bütün gücümüzlə mübarizə aparacağıq”.

“İki sahil”in məlumatına görə, bunu Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı ilə əlaqədar mətbuat konfransında yarışın təşkilat komitəsinin nümayəndəsi, polkovnik Elşən Mirzəyev bildirib.

O, yarışla bağlı bütün işlərin yüksək səviyyədə təşkil olunduğunu söyləyib: “Dünya çempionatında rəsmi qonaqlar, o cümlədən Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simaları iştirak edəcəklər. Ümumilikdə 400-dən artıq nümayəndə burada olacaq”.

Mundialın təşkilat komitəsinin nümayəndəsi mübarizəyə təkcə Dövlət Sərhəd Xidmətinin deyil, bütün Silahlı Qüvvələrin idmançılarının qatılacağını vurğulayıb: “Millimiz bir aydan çoxdur ki, təlim-məşq toplanışındadır. Qalib gəlmək üçün bütün gücümüzlə mübarizə aparacağıq”.

Qeyd edək ki, sabah “Sərhədçi” İdman Mərkəzində start götürəcək yarış dekabrın 3-də başa çatacaq. 36-cı dünya çempionatında 18 ölkədən 222 idmançı (176 kişi, 46 qadın) mübarizə aparacaq.