29 noyabr 2023 13:00
503

Qardaşlıq dəstəyini xalqlarımız unutmayacaq

Beynəlxalq və regional əməkdaşlığa hər zaman xüsusi diqqət ayıran Azərbaycan dövləti Mərkəzi Asiyanın Türk dövlətləri ilə də münasibətləri ötən hər gün daha da dərinləşdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Mərkəzi Asiyanın Türk dövlətlərinə, həmin ölkələrin dövlət başçılarının isə Azərbaycana səfərləri qarşılıqlı əlaqələrin və sıx siyasi-iqtisadi əməkdaşlığın şaxələndirilməsinə əvəzsiz töhvələr verir. Mərkəzi Asiyanın Türk dövlətləri ilə qurulan münasibətlərimiz dövlətçilik maraqlarımıza xidmət etməklə yanaşı, həm də xalqlarımızın eyni tarixi köklərə bağlılığına əsaslanır. Azərbaycan Mərkəzi Asiya dövlətlətlərinin Türkiyəyə və Avropa dövlətlərinə çıxışı baxımından önəmli körpü rolunu oynayır. Həmin dost dövlətlər də bu reallığın fərqindədirlər və onlar da Azərbaycanla əlaqələrin daha da intensivləşdirilməsinə xüsusi diqqət göstərirlər.

Türk dövlətləri arasında müxtəlif səviyyəli Zirvə görüşlərinin təşkili artıq intensiv xarakter almaqdadır. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü 24 noyabr 2023-cü il tarixində Bakıda, Heydər Əliyev Mərkəzində təşkil olundu. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizlə bağlı bir sıra vacib məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ölkə başçımız bildirdi ki, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını öz gücü və qətiyyəti ilə təmin etdi. Lakin Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycan Respublikasının suveren ərazilərində - Qarabağ iqtisadi zonasında Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar və mina terroru nəticəsində hərbçilərimiz həlak olurdular. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri həyata keçirdi.  Bir gündən də az müddət ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımın törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və bununlada təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün dost ölkələrə təşəkkür edirik.

Ölkəmizə dost və qardaş olan Türk dövlətlərinin dəstəyini yüksək qiymətləndirən dövlət başçımız əlavə etdi ki, bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Buna görə də Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə təşəkkür edirik. Sözsüz ki, bu qardaşlıq dəstəyini xalqlarımız heç zaman unutmayacaq. Dövlət başçımız Cənab İlham Əliyev Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyini vurguladı.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini