01 dekabr 2023 12:05
676

Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi - FOTO

Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə bu adda tədbir keçirilib

Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində  “Heydər Əliyev və Azərbaycanın  müdafiə sənayesi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin institutun həyətindəki  büstünü ziyarət edərək önünə qızıl  gül dəstələri  düzüblər.

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun akt zalında davam edən  tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ordu quruculuğu sahəsində atılan addımların prioritet olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müstəqil gələcəyini düşünən Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə  hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. 1971-ci ildə Ümummilli Liderin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir.

Rafiq Quluyev vurğulayıb ki, möhkəm təməl uğurların başlanğıcıdır deyimi əbəs yerə işlədilmir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları sayəsində  müdafiə qüdrətimizi gücləndirən Ümummilli Lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Dahi şəxsiyyətin əsas çağırışlarından biri gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması idi.

  Xətai Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, son 20 ildə Heydər Əliyev siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atdığı addımların  nəticəsi idi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolunun seçilməsinin şəksizliyi ən yüksək tribunalardan bəyan edilirdi. Azərbaycan Ordusunun hansı imkanlara malik olduğu keçirilən hərbi paradlarda, beynəlxalq müdafiə sərgilərində nümayiş olunurdu. Bu gün Azərbaycan Ordusunun modernləşməsi, hərbi hissələrin ən müasir silahlarla təchiz olunması üçün biri-birindən mühüm addımlar atılır. Azərbaycan əsgəri Vətənə, torpağa sevgisini  daim Ali Baş Komandandan  “İrəli!” əmrini gözləməsi, “Vətən mənə oğul desə nə dərdim” amalı ilə yaşaması ilə təsdiqlədi.

  Rafiq Quluyev bildirib ki, bu gün Azərbaycan gənci Vətənin nəinki onlara oğul deməsi, eyni zamanda, şücaətindən, qəhrəmanlığından qürur duyması ilə sevinclidir.   Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Bu fəxarət Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.  Ulu Öndər Heydər Əliyevin  ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması da təqdir edilən mühüm addımlar sırasındandır. Nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi, keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanda mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir. Ordumuz üçün lazım olan ləvazimat, avadanlıq, texnika  Azərbaycanda istehsal edilir. Elə buna görə də artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyətinə, iradəsinə, rəşadətli ordumuzun gücünə, qüdrətinə  arxalanırdı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu. Məhz bütün bunların nəticəsində bu gün Azərbaycan yaratdığı yeni reallıqlarla dünyanın diqqətindədir. 

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Azərbaycanın hər bir uğuru Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bugünümüzün reallıqlarını müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurların miqyasının nə qədər böyük, ölçüyəgəlməz olduğunu görürük. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı böyük faciələrdən, təhlükələrdən xilas etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları, idarəçilik qabiliyyətlərinin yoxluğu bütün sahələrdə uğursuzluqlarla müşayiət olunurdu. Həmin illərdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin  işğalına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi sahələrdən biri ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi oldu. Ordu quruculuğu istiqamətində atılan addımların nəticəsində yaradılan möhkəm təməl bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasını şərtləndirdi.

 Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin çağırışlarında bu mühüm məqam xüsusi qeyd olunurdu ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş qabiliyyəti artdı, ən əsası gənclərimizə vətənpərvərlik hissi aşılandı. Onların  hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedərək hər zaman torpaqlarımızın işğaldan azad edilməsi amalı ilə yaşamaları da bunun bariz nümunəsi idi.

  YAP Xətai rayon təşkilatının sədri son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil siyasəti nəticəsində ordu quruculuğunda qazanılan uğurların Silahlı Qüvvələrimizin 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, ən əsası tarixi Zəfərimizə yol açan 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarda öz əksini tapdığını bildirib. Müharibənin ilk günlərindən qələbə əzmi ilə döyüşlərə başlayan hərbçilərimiz ən çətin istehkamları belə gücü, qüdrəti, Vətənə məhəbbəti ilə yararaq erməniləri səngərlərini qoyub qaçmağa məcbur etdilər. Hərbi gücü artan, ən müasir silah və sursatlarla təmin edilən Azərbaycan Ordusu Şuşa kimi alınmaz qalanı düşməndən azad edərək dünyanın hərb tarixinə yeni döyüş səhifələri yazdı. Heç də təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində xüsusi əməliyyatlar kimi tarixə düşən Azərbaycanın döyüş təcrübəsi öyrənilir, təhlil olunur. 

  Vüqar Rəhimzadə tariximizin bu şərəfli səhifəsini də xüsusi qeyd edib ki, Azərbaycan Ordusu bu ilin sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi tam təmin etdi. Bu, bir daha ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə- 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı, böyük qürur hissi ilə bu illər ərzində verdiyi vədləri, qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirdiyini bildirdi. 8 Noyabr-Zəfər Günündə Xankəndi şəhərində keçirilən hərbi parad Müzəffər Ali Baş Komandanın bu məkandan növbəti mesajları, çağırışları ilə tarixə yazıldı. Həmin mesajların ümumi məğzi bundan ibarət idi ki, bu torpaqların əbədi sakinləri bizik.

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru  Mürsəl Əliyev çıxışında Azərbaycan Ordusunun bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasında, dünya hərb tarixinə yeni səhifə yazmasında əhəmiyyətli rol oynayan möhkəm təməlin yaradılmasından, bu istiqamətdə atılan uğurlu addımlardan geniş bəhs edib. Bildirib ki, tarixi Zəfərimiz heç də arxayınlıq yaratmadı, əksinə ordu quruculuğu istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdə oldu.  Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin, genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri bu il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində  bir gün  ərzində separatçılar məğlubiyyətlərini etiraf edərək ağ bayraq qaldırıb təslim oldular. Bununla da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı.

 Tədbir çərçivəsində YAP Xətai rayon təşkilatının “Rahib Məmmədov 25” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini seçilən  İsmayıl Məmmədov, həmçinin gənclər adından çıxış edən  Ləman Qurbanova Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən geniş bəhs ediblər. Onlar bildiriblər ki, bu gün tarixi Zəfərimizin qəhrəmanları Vətən, torpaq sevgiləri ilə bir vətənpərvərlik  məktəbi yaratdılar. 

Şəhid Vüsal Rzayevin anası Zəminə Rzayeva, qazi Sahib Əbülfəzli gənclərimizin torpaq, Vətən sevgisindən geniş bəhs ediblər. Onlar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 Noyabr - Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda səsləndirdiyi bu fikirləri böyük sevgi ilə vurğulayıblar: “Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik.”

Ümummilli Liderin 100 illiyinə həsr olunan tədbirdə YAP Xətai rayon təşkilatının “Rahib Məmmədov 25” ünvanı üzrə ərazi partiya təşkilatında partiyaya yeni qəbul olunmuş 100 nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrinin  təqdim edilməsi öz rəmzi mənası ilə diqqətdə olub. Həmçinin YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup partiya üzvünə Fəxri fərmanlar təqdim edilib.

Azərbaycanın müdafiə sənayesi sahəsində atılan məqsədyönlü addımların uğurlu nəticələrini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbir bədi proqramlarla başa çatıb.