19 mart 2018 23:56
1956

SOCAR-ın prezidenti neft-qaz sənayesi işçilərini təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Novruz bayramı münasibətilə neft-qaz sənayesi işçilərinə təbriki

Əziz həmkarlar,

Bahar bayramı, Novruz bayramı xalqımızın təfəkküründə təbiətin oyanışı və yenilənməsini, həyatın gözəlləşməsini, xeyiri, nəcib, ülvi duyğuları əks etdirir. Ona görə də Novruz bayramı tarix boyu daim sevinc, xoşbəxtlik və bolluq rəmzi kimi xalqımız tərəfindən sevilmiş, əsrlərə yaşıd olan gözəl milli adət-ənənələrimizi yaşatmış,  qədim mədəniyyətimizin bütün çalarlarını özündə birləşdirərək, ən müqəddəs əmanət kimi nəsildən-nəslə çatdırmışdır. Bu böyük bayram günündə hər tərəfdən milli musiqimizin xoş sədaları eşidilir, Azərbaycan mətbəxinin nemətləri xonçaları bəzəyir, milli geyimlərimiz bütün gözəlliyi və rəngarəngliyi ilə gözləri oxşayır. Novruz həmrəylik və dostluq bayramıdır, insanlarda işıqlı sabaha, xoşbəxt gələcəyə inamı artırır, təbiətin nemətlərini qorumağı, onlardan səmərəli istifadə etməyi öyrədir. Xalqımız bu əziz gündə Novruzu dövlət bayramı səviyyəsində rəsmiləşdirmiş ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir,  tarixi-mədəni və milli-mənəvi irsimizin qorunub saxlanılması, nəsildən-nəslə ötürülməsi üçün göstərdiyi səyləri böyük minnətdarlıq hissi ilə xatırlayır.

Yüksək dəyərlər, xoş duyğular təbliğ edən rəngarəng, şən, xoş əhval-ruhiyyəli Novruz mərasimləri milli, dini, irqi mənsubiyyət və xüsusiyyətlərindən asılı olmayaraq, bütün bəşəriyyət tərəfindən təqdir edilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bunu bütün dünyaya bir daha nümayiş etdirmişdir.

Neftçilər də bütün xalqımız kimi, Novruzu böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Bu əziz bayram günlərində bir çox həmkarlarımız Vətənimizin rifahı naminə əmək növbəsindədirlər. Əminəm ki, bu əzmkarlığın nəticəsində doğma Azərbaycanımız daha da çiçəklənəcək, biz neftçilər və bütövlükdə Azərbaycan xalqı Prezidentimizin ətrafında sıx birləşməklə, Vətənimizi dünyanın qabaqcıl dövlətlərindən birinə çevirəcəyik. Neftçilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının ildən-ilə inkişaf edəcəyinə, müstəqilliyimizin daha da möhkəmlənəcəyinə, ən əsası isə işğalçı Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, Azərbaycan xalqının həmişə xoşbəxt yaşayacağına dərindən inanırlar. 

Əziz neftçi həmkarlarım,

Bir daha sizi və ailə üzvlərinizi Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, dövlətimizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti