09 dekabr 2023 01:36
685

Azərbaycanın daha bir strateji hədəfi

Şərqi Zəngəzura və Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq

İkinci Qarabağ müharibəsində parlaq Qələbəyə nail olan Azərbaycan Ordusu növbəti tarixi Zəfərini  2023-cü ili sentyabrın 19-da bir günlük lokal antiterror tədbirləri ilə qazandı. Bununla da qondarma «dqr» birdəfəlik  məhv edildi. Onun qondarma «liderləri» isə həbs edilərək Azərbaycan dövlətinin ədalət mühakiməsinə təhvil verildi.

Təbii ki, bu  zəfərlərdən sonra  Azərbaycan dövlətinin növbəti tarixi missiyası Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirib ki, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımız da tarixi torpaqlarına qovuşacaqlar: «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.»

Acı həqiqətdir ki, XIX əsrdə Çar Rusiyası tərəfindən Türkiyə  və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanıldı. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşdi. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetiridi, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrildi, yüzlərlə Azərbaycan kəndi yer üzündən silindi. Prezident İlham Əliyev qeyd edib ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Dövlət başçısı bunu xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirib: "Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi".

Tarixin təkrarlanan dönəmlərində azərbacanlılar bir çox deportasiyalara məruz qalıb. Belə ki, 1948-1953-cü illərdə xalqımız növbəti dəfə  Qərbi Azərbaycandakı  öz doğma torpaqlarından  deportasiya ediliblər. Ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli  «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

Bəli, tarixi mənbələrə nəzər salanda aydın şəkildə görünür ki,  son bir əsrdə ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli planlar nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi soyqırımlara məruz qalıblar. Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri də ötən əsrin əvvəllərində  bolşevik Rusiyasının yaratdığı qondarma Ermənistana  tarixi şəhərimiz İrəvanın verilməsi oldu. O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin  zəifliyi də İrəvanın ermənilərə verilməsinə şərait yaratdı. Bununla kifayətlənməyən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirdilər.

1980-ci illərin sonlarında isə erməni millətçiləri növbəti dəfə xalqımıza qarşı soyqırımı və deportasya planlarını işə saldılar. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında sovet hökumətindəki ali vəzifələrindən uzaqlaşdırılmasından dərhal sonra erməni millətçiləri SSRİ-nin qatı ermənipərəst rəhbəri Mixail Qorbaçova arxalanaraq  həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti soyqırıma başladılar. Nəticədə qısa müddətdə azərbaycanlılar tarixi torpaqlarından- Qərbi Azərbaycandan tamamilə deportasiya edildilər. Bu deportasiya ilə kifayətlənməyən barbar ermənilər yenə də Rusiyadan hərbi dəstək alaraq 1990-1993- cü illərdə  Qarabağı və Şərqi Zəngəzuru işğal etdilər. Nəticədə on minlərlə azərbaycanlı məhv edildi, 1 milyona yaxını isə qaçqın və məcburi köçkünə çevrildi.

Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Tarixi torpaqlarımız olan İrəvana,  Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim kənd və qəsəbələrimizin adlarını erməniləşdiriblər.
Bu gün Azərbaycan dövlətinin strateji hədəfində Şərqi Zəngəzura və Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdışı təmin etməkdir.

Bu arada bir faktı da açıqlamaq lazımdır ki, ötən 30 ildə Ermənistandakı sosial-iqştisadi tənəzzül yaşayış məskənlərini də viranə qoymuşdur. Xüsusilə soydaşlarımızın 1988-1989-cu illərdəki öz doğma yurdlarından deprotasya edilməsindən sonra həmin kəndlər hələ də boş qalıb. Çünki haylar Ermənistanı hər il daha çox sayda tərk edirlər. Ona görə də indi qarşıda duran digər önəmli məsələ Qərbi Azərbaycandakı kəndlərimiz haqqında məlumat əldə etmək üçün elektron reinteqrasiya portalını yaratmaqdır. Bu gün orada azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılıb, ya boş qalıb. Ermənistanda çətin demoqrafik vəziyyətdən irəli gələrək, onlar istədiyi kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilmirlər. Bəzilərində onlar yaşayır və lakin onların əksər hissəsi boşdur. Yəni, ən azı Ermənistan dövləti azərbaycanlılara həmin yerlərə getmək, görmək və ziyarət etmək imkanı yaratmalıdır.

Bəli, biz Qərbi Azərbaycanmız üçün qəribsədiyimiz kimi, Qərbi Azərbaycanımız da bizim üçün qəribsəyib.  Yəqin ki, bizim bu Vətən həsrətimiz də uzun çəkməyəcək. Çünki biz bir dövlət  və millət olaraq bu həsrəti bitərəcək qədər güclüyük, qətiyyətliyik, vahidik.

Elçin Zaman, «İki sahil»