16 mart 2018 23:04
1146

“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 20 mart 2018-ci il tarixindən 26 mart 2018-ci il tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.

Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-tikinti idarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar idarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.