16 mart 2018 23:03
1265

Ramil Usubov prezident seçkiləri ilə bağlı tapşırıqlar verib

Daxili İşlər Nazirliyində "Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və  qarşıda duran vəzifələr”ə həsr olunan geniş Kollegiya iclası keçirilib. Sechki-2018.az saytının xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə - Prezident seçkilərində səsvermə hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb. O, bu il aprelin 11-də - səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

O, aprelin 11-də keçiriləcək Prezident seçkiləri zamanı ictimai asayişin təmininin, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin, geyim formasını daşıma, həmçinin vətəndaşlarla təmasda hər zaman nümunəvi davranış qaydalarına ciddi riayət edilməsinin, əməkdaşların fiziki, döyüş və peşəkar hazırlıq səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini nəzərə çatdırıb. Prezidentliyə namizədlərin və onların nümayəndələrinin təbliğat-təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri yerlərdə ictimai asayişin etibarlı mühafizə olunması, təxribatların və  neqativ halların qarşısının operativ şəkildə alınması, seçki komissiyalarının, habelə seçki bülletenlərinin, səsvermə protokollarının və digər sənədlərin etibarlı mühafizəsinin təşkili, eyni zamanda, seçki gününədək səsvermə hüququ olanların müvafiq sənədlərlə tam təmin olunması, etibarlılıq müddəti bitmiş vəsiqələrin dəyişdirilməsi sahəsində işlərin qısa müddətdə başa çatdırılması, səyyar qrupların işinin daha da sürətləndirilməsi müvafiq orqanların rəhbərlərindən tələb edilib.