16 dekabr 2023 02:34
1693

Avropa İttifaqının alqışı və sonrakı davranışı

7 dekabrda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılaşma Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağına ümid yaradır. Amma Avropa İttifaqı (Aİ) bu sənədə  heç də birmənalı yanaşmır. Əgər birmənalı yanaşsaydı, Fransanın təşəbbüsü ilə təşkil edilmiş Ermənistandakı müşahidə missiyasının tərkibinin 138-dən 209-a çatdırılmasına cəhd göstərməzdi. Daha doğrusu, bununla bağlı qərar qəbul etməzdi. Yeri gəlmişkən qeyd edək ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel sözügedən qurumun xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib. Onun fikrincə, guya bu, Ermənistan və Azərbaycan arasında şərti sərhədin sabitliyini gücləndirmək üçün yeganə yoldur.

Halbuki, Azərbaycanın Ermənistanla sərhəddə hansısa hərbi planı yoxdur. Başqa sözlə, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan təcavüzkar Ermənistana heç bir təhdid yaratmır. Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, bizim Ermənistan ərazisində gözümüz yoxdur. Amma Aİ hələ də heç bir fakta, məntiqə əsaslanmadan təhlükə olduğunu, obrazlı şəkildə desək, elə toyuq bir ayaqdır deyib durur. Bu isə o deməkdir ki, Aİ öz ermə­nipərəst missiyasını davam etdirməkdə israrlıdır.

Sual olunur: Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağına ümid yarandığı bir dönəmdə missi­yanın tərkibinin genişləndirilməsinə ehtiyac varmı? Əsla, yox! Buradan belə qənaətə gəlmək olar ki, say artımında məqsəd İrəvana nəzarəti gücləndirmək, Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirməkdən ibarətdir. Bu isə həm də o deməkdir ki, Aİ Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasında əsla maraqlı deyil. Bir sözlə, Jozef Borrel ölkəmizin ünvanına qərəzli hədyanlar yağdıran, bir sıra dövlətləri, həmçinin beynəlxalq təşkilatları Azərbaycana qarşı qərəzli qərar və qətnamələr qəbul etməyə vadar edən Fransadan gələn təlimatlar əsasında hərəkət edir. Qurumun  bu addımı Cənubi Qafqazda Fransanın və digər ölkələrin qlobal maraqlarının gerçəkləşdirilməsinə xismət edir. Bu vəziyyət Ermənistandakı revanşistlərin də fəallaşmasına öz təsirini göstərməkdədir. Şübhəsiz,  bunun səbəbi Fransa başda olmaqla, xarici ölkələrdən alınan silahların və Avropa İttifaqının bu ölkədəki missiyasının sayının artırılmasının haylara verdiyi güvəndir. Görünür, Qərbə elə bu lazımdır. Bəzi ekspertlər müşahidə missiyasının sayının artırılmasında əsas hədəfin  Rusiyanın Cə­nubi Qafqazdan uzaqlaşdırmağa hesablandığını bildirirlər. Lakin bu hədəfə çatmaqda səbəb kimi Azərbaycanın seçilməsi müəyyən riskli perspektivlər vəd edir.

Yeri gəlmişkən, hərbi-siyasi analitik Hayk Naqapetyan Ermənistan mətbuatına müsahibəsində Aİ-nin Ermənistandakı müşahidə missiyasının sayının artırılmasını şərh edərkən bildirib: “Aİ müşahidəçilərinin burada nə işi var? Onlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir və nəticələri bir neçə ünvana bildirirlər. Eyni zamanda, Ermənistanda NATO ölkələrinin, xüsusən də Almaniya və Fransanın (missiyanın rəhbəri Almaniyadan, müavini Fransadandır) təmsil olunan bu müşahidəçilər kəşfiyyatçıdırlar. Onların əsas missiyası Rusiyanın buradakı hərbi mövcudluğu haqqında məlumat toplamaqdır. Ermənistan-İran sərhədində kəşfiyyat fəaliyyəti də onlar üçün vacibdir, çünki İran kollektiv Qərbin, xüsusilə ABŞ və Böyük Britaniyanın əsas hədəflərindən biridir”. 

Bütün bunlar azmış kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azadlıq” radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibəsində etnik və dini əsasda ayrı-seçkiliyə yol verib. Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan Ş.Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların  geri dönüşü  haqqında heç bir kəlmə deməyib. Bununla bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir ki, Aİ-nin bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir.

Halbuki, həm Şarl Mişel, həm də Josef Borrel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlamışdılar. Hətta onlar bu anlaşmanı çox mühüm siyasi addım adlandırmaqla yanaşı, sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırmışdılar. Bəs elə isə son açıqlamalar, davranışlar nədir?

Qvami Məhəbbətoğlu, “İki sahil”