Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən yeni “Diplomatik Protokol Bələdçisi”hazırlanaraq, təqdimat mərasimi təşkil olunub.
“İki sahil” xəbər verir ki, ADA Universitetində təşkil olunmuş tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri və Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik missiyalarının rəhbərləri və əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfli Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik missiya üzvlərinin immunitet və imtiyazlarının əks olunduğu “Diplomatik Protokol Bələdçisi” barədə məlumat verib.
40 bölmədən ibarət olan bələdçidə akkreditasiya qaydalarının, vergi və gömrük güzəştlərinin və digər diplomatik immunitet və imtiyazların öz əksini tapdığı vurğulanıb. Bələdçinin elektron formatda və kitab şəklində dərc olunduğu qeyd edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın xarici siyasətinə həsr olunmuş video çarx təqdim olunub.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Ramil Rzayev 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələn zaman Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olmasına, ölkəmizin dərin iqtisadi çətinliklər ilə üzləşməsinə baxmayaraq Ulu Öndərin Azərbaycanda qısa müddətdə siyasi böhrana son qoyulduğunu, 1998-2003-cü illərdə apardığı uğurlu xarici siyasət sayəsində ölkəmizin xarici ölkələrin etibarlı tərəfdaşına çevrildiyini və beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutduğunu vurğulayıb. Bu baxımdan “Diplomatik Protokol Bələdçisi”nin Ulu Öndərin anadan olmasının 100 illik yubileyi dövründə hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəis müavini Rövşən Hüseynzadə çıxış edərək “Diplomatik Protokol Bələdçisi”ndə əks olunan diplomatik immunitet və imtiyazlar ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
***
ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması çərçivəsində Diplomatik Protokol Bələdçisinin təqdimat mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, mərasimdə Azərbaycan Xarici İşlər Nazirliyinin Asiya İdarəsi rəisi Ramil Rzayev, Protokol İdarəsi rəisi Anar Nəcəfli, nazirliyin əməkdaşları və diplomatik korpus nümayəndələri iştirak edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Asiya İdarəsi rəisi Ramil Rzayev qeyd edib ki, bu gün təqdim olunan Bələdçidə də 1993-2003-cü illəri əhatə edən Azərbaycanın xarici siyasətinə dair məlumatların tarixi fotoşəkillərin işığında təqdim edilməsi Azərbaycan diplomatiyasının ən yeni tarixinin diplomatik vəsaitlərdə əbədiləşdirilməsi ilə yanaşı, dövlətçilik tarixində kifayət qədər qısa zaman kəsiyi hesab olunan 10 il ərzində formalaşmış Azərbaycan xalqının ən dəyərli siyasi irsinin bir daha dünyaya nümayiş etdirilməsi məqsədi daşıyır.
“Bələdçinin giriş səhifəsində yer almış Ulu Öndərin sözləri və ifadələri təsadüfən seçilməyob. Həmin sözlər və ifadələr Heydər Əliyev tərəfindən yaradılan və inkişaf etdirilən müasir Azərbaycan dövlətinin xarici siyasətinin əsasını və prinsiplərini təşkil edirdi – “ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq, dünyanın bütün ölkələri ilə mehriban və dostluq əlaqələri yaratmaq, və bu missiyaların həyata keçirilməsində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiyalarla yaxından əməkdaşlıq etmək", - deyə o əlavə edib.
O həmçinin əlavə edib ki, bələdçinin protokol qaydaları hissələrinə gəldikdə isə 40 hissədən ibarət olan və iki dildə nəşr olunmuş bu vacib vəsait Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, diplomatik korpusun hüquq və vəzifələrinə də ətraflı aydınlıq gətirir.