16 dekabr 2023 14:18
533

Xalqımız gələcək inkişaf üçün kimə səs verəcəyini çox dəqiq bilir - Hikmət Babaoğlu

Milli maraqlarımızı müdafiə edəcək və onu daha da irəliyə aparacaq Lider YAP-ın artıq namizədliyini irəli sürdüyü Prezident İlham Əliyevdir

Dünən ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizəndini açıqlayan ilk partiya oldu. Belə ki, YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyi irəli sürüldü. Ümumiyyətlə, namizədliyin irəli sürülməsini şərtləndirən amillər nələrdir?

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Hikmət Babaoğlu "İki sahil"ə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu vurğuladı:  “Ona görə ki, müstəqilliyimizi əldə edəndən sonra ilk dəfə olaraq, Azərbaycan ərazi bütövlüyü və suveren hüquqlarını bütün ərazisində bərpa edən bir ölkə olaraq prezident seçkiləri keçirir. Bu, böyük tarixi hadisədir. Şübhəsiz ki, bu, dövlətçilik tariximizdə də yeni reallıqlar, vəzifələr, çağırışlar yaradıb. Təkcə Azərbaycanda yox, bütövlükdə Cənubi Qafqazda qarşılıqlı münasibətlər kontekstində yeni bir tarixi mərhələ başladıb. Bu, önümüzdəki illərdə yeni reallıqların yaratdığı çağırışlar və məqsədlərin icra olunması üçün şübhəsiz ki, milli maraqlarımızı müdafiə edəcək və onu daha da irəliyə aparacaq bir liderə ehtiyac yaradıb. Belə Lider isə YAP-ın artıq namizədliyini irəli sürdüyü Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev təkcə Azərbaycanın ərazi bütövlüyünü təmin edən siyasətçi kimi tariximizə düşməyib. O, həm də, bu perspektivlərin gələcəkdə Azərbaycanın real gücünə çevirmək üçün mühüm işlər görüb. Bu işləri görmək, xalqımıza daha çox rifah və inkişaf gətirməsi üçün şübhəsiz ki, bu siyasətin davam etməsinə zərurət var. Azərbaycan hazırki mərhələdə öz milli məqsədləri kimi bunların reallaşdırmasını mühüm vəzifə hesab edir”.

H.Babaoğlu bildirdi ki, qüdrətli Azərbaycanın beynəlxalq münasibətlər sistemində də rolu və gücünün artmaqda davam etməsi də bu məsələnin başqa bir istiqamətidir: “Belə olan halda, ümumilli regional mənafelər baxımından təkcə müstəqil Azərbaycanın deyil, həm də, müttəfiqlərimizin təhlükəsizliyinin təmin olunması, bununla da İlham Əliyevin vəzifəsini davam etdirməsinin zərurəti var. Bu tarixi vəzifələrin öhdəsindən gələcək yeganə şəxs də məhz odur. Ona görə də, Azərbaycan xalqı bu tarixi perspektivləri dərindən görür, anlayır, təhlil edir və gələcək inkişafı üçün kimə səs verəcəyini də çox dəqiq bilir”. 

Sayalı Abasova