16 dekabr 2023 14:32
325

Xalq qalib Sərkərdəsini bundan sonra da Prezident görmək istəyir - Cavid Osmanov

2003-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etməsinə yekdilliklə səs verən xalqımız artıq qalib xalq olaraq dünyada tanınır. Qalib xalq statusunu almaq heç də asan olmadı. Xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməsi və həyata keçirilən düşünülmüş, uzaqgörən siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü və nütün ərazilərmizdə suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycan dünyada qalib ölkə olmaqla yanaşı, yüksək nüfuz sahibi və etibarlı bir tərəfdaşdır. Müstəqil siyasət yürüdən və güclü iqtisadiyyata malik olan ölkəmizin bütün uğurlarının təməlində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti dayanır. Prezidentliyi müddətində cənab İlham Əliyev hər zaman xalqın yanında olub və ölkəmizin davamlı inkişafı üçün yorulmadan çalışıb.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirdi. 

Cavid Osmanov qeyd etdi ki, müasir dünyada baş verən siyasi prosesləri  proqnozlaşdırmaq çətindir. Belə ki, davamlı olaraq çoxsaylı çağırışlar meydana çıxmaqdadır. Ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri də bu əsasda cərəyan edən hadisələrdən, həmçinin yaranmış yeni reallıqlardan irəli gəlir. Bu seçkilər həmçinin Zəfər seçkiləri də adlandırmaq olar.

Ötən gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında çox mühüm bir qərar verildi. 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədinin cənab İlham Əliyev olduğu rəsmən elan edildi. Bu qərar təkcə Yeni Azərbaycan Partiyasının qərarı deyil, həmçinin qalib Azərbaycan xalqının qərarıdır. Çünki xalqımız öz qalib Sərkərdəsini bundan sonra da Prezident olaraq görmək istəyir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənək, inkişaf edəcək və özünün yüksək tərəqqisinə nail olacaq. 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlanacaq. Ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq inkişaf edəcək.

Orxan Vahidoğlu, "İki sahil"