16 dekabr 2023 14:41
298

YAP-ın qərarı doğru və məntiqli olmaqla yanaşı, xalqın istəyini, arzusunu əks etdirir - Musa Qasımlı

Ölkəmizdə gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində cənab Prezidentimiz İlham Əliyevin namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi millətimizin və dövlətimizin bu günü, gələcəyi və strateji maraqları naminə ən doğru qərardır. Hər şeydən əvvəl ona görə ki, Prezident vəzifəsi çox ağır bir işdir. Əvvəlcədən planları, proqramları olmayan bir şəxsin bu vəzifəni yerinə yetirməsi çox çətindir. Bir sıra hallarda ölkəni böhrana düşürə bilir. Bunu müstəqillik dövrü tarixi təcrübəmiz də göstərib. Cənab Prezidentimiz İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı konkret, aydın proqramları var.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, 2003-cü ildən sonra keçən müddət ərzində görülən işlər bunu aydın şəkildə göstərir. Cənab Prezidentimiz ərazi bütövlüyümüzü, suverenliyimizi bütün ərazilərmizdə tam bərpa edən Müzəffər Ali Baş Komandandır.  Dövlət başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. İlk dəfə olaraq ölkəmizin bütün ərazilərində dövlət suverenliyimiz bərqərar edilib və seçki bütün ətrazilərmizdə keçiriləcək. Üçrəngli Azərbaycan bayrağı ölkəmizin bütün ərazilərində dalğalanır. Dövlət başçımız  xalqımızın özünəinamını artırıb. Ona görə də Prezidentimiz İlham Əliyevin namizəndliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi doğru və məntiqli qərar olmaqla yanaşı, xalqın istəyini, arzusunu əks etdirir.

Sayalı Abasova