Məlum olduğu kimi, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin fevral ayının 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin namizədliyi irəli sürülüb. Qeyd etmək lazımdır ki, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən obyektiv səbəblər mövcuddur. 30 il ərzində torpaqlarımızın işğal altında olması, Qarabağ probleminin mövcudluğu Azərbaycanın reallığı idi. Həmin dövrdə bütün prezidentliyə namizədliyi irəli sürülmüş şəxslərdən xalqın əsas istəyi məhz Qarabağ probleminin həll edilməsi, Azərbaycancanın işğalda olan torpaqlarının azad edilməsi idi. Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi, eyni zamanda keçirilmiş antiterror tədbirləri nəticəsində bütün ərazilərmizdə suverenliyimizin təmin edilməsi Azərbaycanın daxili gündəliyini təbii ki, köklü sürətdə dəyişdirdi.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, hazırda Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərindən ibarətdir. Bununla əlaqədar Azərbaycan Prezidentinə xalq tərəfindən verilən mandatın da mahiyyəti ciddi köklü şəkildə dəyişmiş olur. Bu gün sülh və əməkdaşlıq, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.
Beləliklə, ölkəmizdə yeni reallıq meydana gəlib və bu növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsaslarını müəyyən edib. Azərbaycan xalqı və dünya ictimaiyyəti ölkəmizdə növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərarın yeni reallıqdan irəli gələn zərurət kimi qiymətləndirir.
Deputat bildirib ki, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında sözügedən iclasda yekdilliklə qəbul edilmiş tarixi qərar bütün Azərbaycan xalqının iradəsini ifadə edir. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin möhtəşəm nəticələri, Qarabağda qazandığı və hamımıza bəxş etdiyi tarixi Zəfər Azərbaycan xalqının daha böyük sevgi və rəğbətini formalaşdırıb. Prezidentin bu illər ərzində uğurlu fəaliyyəti Onun Azərbaycana yeni-yeni zəfərlər qazandıracaq tarixi şəxsiyyət olduğunu bir daha sübut etdi. Cənab İlham Əliyevin növbəti illər ərzində Azərbaycana rəhbərliyindən vətəndaşlarımızın böyük gözləntiləri var. Bu gözləntilərin reallaşdırılması üçün xalqımız ölkəmizin gələcək inkişafı və tərəqqisi naminə yaranmış bu tarixi fürsətdən istifadə edəcəkdir. Buna heç bir şübhə yoxdur.
Cavid Əkbərov, “İki sahil”