Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti həmişə ölkəmizi uğur və müsbət nəticələri gətirib çıxarıb. Bu müddətdə Azərbaycanın dövlət büdcəsi 30 dəfə, ümumi daxili məhsul 4 dəfə artıb, yüz minlərlə yeni iş yeri yaradılıb. Regionların sosail-iqtisadi inkişafı göz qarşısındadır, infrastruktur yenilənib. Ölkə təhsili və səhiyyəsində böyük dəyişikliklər var. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artıb. Ölkəmizdə insanların hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin daha da dərinləşdirilməsi üçün böyük işlər görülüb.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Silahlı Qüvvələrin inkişafına verdiyi töhfə Vətən müharibəsində, sonradan isə antiterror tədbirlərində öz uğurlu nəticəsini verdi. Bu gün Azərbaycan ərazisi tamamilə işğaldan və separatçı rejimdən azaddır. İnsanlar cənab İlham Əliyevin simasında öz hüquqlarının müdafiəsini, Azərbaycan dövlətçiliyinin inkişafını görürlər. Bu səbəbdən YAP partiyanın Sədri cənab İlham Əliyevin Prezidentliyə namizədliyini irəli sürməyə qərar verdi. Qısa zamanda bu qərar cəmiyyətdə böyük dəstək gördü.
Aydın Mirzəzadə qeyd edib ki, digər namizədlərin də irəli sürülməsi prosesi başlayıb. YAP-ın namizədi rəqabətli və azad mübarizə apararaq insanların səsini qazanmaq üçün demokratiyaya öz töhfəsini verəcək. Cənab İlham Əliyevin namizədliyi digər siyasi partiyalar və təşkilatlar, bütövlükdə xalq tərəfindən dəstəklənir.
Cavid Əkbərov, "İki sahil"