18 dekabr 2023 16:09
283

Azərbaycan xalqı öz Prezidentinə inanır və onun yanındadır - AÇIQLAMA

Xalqımız Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsini böyük qürur hissi ilə qarşıladı

Növbədənkənar prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. Bu demokratiyaya sadiqliyin, Prezident İlham Əliyevin özünə və xalqına inamının ifadəsidir. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğu bütün ərazilərdə baş tutacaq prezident seçkiləri dünyaya Azərbaycan xalqının siyasi iradəsini nümayişə etdirməklə yanaşı, həm də ölkə başıçısı İlham Əliyevə olan etimadın, hörmət və məhəbbətin göstəricisi olacaqdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, son 20 il Azərbaycan dövlətinin tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub. İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib. Ən əsası Azərbaycan xalqının düşmən üzərində tarixi Qələbə və müqəddəs Zəfərini qazanması, eyni zamanda, separatzmin ləğv edilməsi cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasətinin beynəlxalq aləmdə qazandığı nüfuzun bəhrəsidir. 

Azərbaycan xalqı öz nicatını, gələcək inkişafını İlham Əliyevin uzaqgörən siyasətində görür

T. Rzayev vurğulayıb ki, Azərbaycan xalqı öz Prezidentinə inanır və onun yanındadır: “Çünki Ali Baş Komandan İlham Əliyev uzun illərdir xalqımızın gecə-gündüz xəyal etdiyi Qarabağ torpaqlarının işğaldan azad edilməsi arzusunu gerçəkləşdirdi. Bununla da xalqın qürurunu, qəhrəmanlığını, mübarizliyini özünə qaytardı. O, nəinki öz xalqına həm də Türk dünyasına, bütün bəşəriyyətə xalqımızın cəsarətini, qüdrətini nümayiş etdirdi. Cənab İlham Əliyev heç vaxt unudulmayacaq yeni bir tarix yazdı. Bu haqqın və ədalətin, bəşəri ideyaların, demokratiyaya hörmətin tarixidir. Belə bir vaxtda növbədənkənar seçkilərin təyin olunması gələcəyə yeni baxış, demokratik sxemin möhkəmləndirilməsi və ölkə vətəndaşlarının yeni mübarizəyə çağırışıdır. Xalq öz Prezidentinə böyük hörmətlə yanaşır. Seçkilərdə Onun qələbəsi şübhəsizdir. Bu gün dövlət başçısı İlham Əliyevin təbliğatına heç bir ehtiyac yoxdur. Çünki Prezident seçildiyi ildən ölkə rəhbəri kimi fəaliyyəti və verdiyi vədə sadiqliyi ilə özünü təsdiq edib. Bu gün dünya xalqları Azərbaycan Prezidentinə sülhün və əmin-amanlığın, humanizmin qarantı kimi baxır, Onun fəaliyyətini yüksək qiymətləndirirlər.

Millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 15 dekabr 2023-cü ildə keçirilən geniş tərkibli iclasında bütün fikirlər öz əksini tapdı. İdarə Heyəti üzvlərinin, partiya veteranlarının, gənclər təşkilatlarının, siyasi fəalların iştirakı ilə keçirilən iclasda çıxış edən partiya üzvləri cənab İlham Əliyevin xidmətlərinə yüksək qiymət verdilər. Bu fəaliyyətin bilavasitə dövlətin, xalqın gələcəyinə xidmət etdiyini bildirdilər. Bütün deyilənlər Azərbaycan xalqının səsidir. Çünki bu gün Azərbaycan xalqı öz nicatını, gələcək inkişafını İlham Əliyevin uzaqgörən siyasətində görür. Ölkə rəhbərinin “nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlmələri deyilənlərə ən yaxşı sübutdur. Azərbaycan Prezidenti növbədənkənar seçkilər keçirilməsi ilə ələqədar Sərəncam imzalamaqla özünü yeni planlaırnı, gələcək perspektivlərini qarşıya qoydu. Hesab edirəm ki, bu seçkilər Azərbaycan xalqının həyatında unudulmaz bir tarix olacaq. Hər birimiz cənab İlham Əliyevin Prezidentliyə namizədliyini irəli sürməsini böyük qürur hissi ilə qarşılayırıq və sözsüz ki bu kampaniyada qürurla iştirak edəcəyik”.

Nigar Orucova, “İki sahil”