Müstəqillik tarixindən keçən 30 illik dövr ərzində Azərbaycan ərazi bütövlüyü tam təmin edilməyən bir ölkə olaraq yaşayıb və inkişaf edib. İqtisadi, sosial, təhlükəsizlik sahələrində xeyli uğurlarımız olsa da, mənəvi cəhətdən işğal faktı hər bir azərbaycanlını məyus edirdi. Bu dövr ərzində dövlətin demək olar ki, bütün resursları işğal altında olan ərzilərimizin azad edilməsinə yönəlmişdir. Etiraf etmək lazımdır ki, bu hədəfə çatmaq bizim dövlətimizdən xeyli resurs tələb etmişdir. 2020-ci ildə baş verən Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimizi tam azad etdi və ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyü tam təmin olundu.
Yeni dövr başlayıb
Bu sözləri “İki sahil”ə açıqlamasında YAP-ın İdarə Heyətinin üzvü, millət vəkili Tahir Mirkişili deyib.
Millət vəkili qeyd edib ki, artıq hər kəs hər bir azərbaycanlı üçün yeni bir dövrün başladığını bilir: “İşğal, məğlubiyyət sindromundan azad olmuş bir xalq və dövlət üçün bundan sonra əsas hədəf inkişaf və rifah, güclü təhlükəsizlik sistemi və milli-mənəvi dəyərlərin inkişafı olacaq. Təbii olaraq dövlətin və ölkənin resurslarının yenidən səfərbər olmasına, onların yeni hədəflərə yönəldilməsinə ehtiyac var. İşğaldan azad edilmiş ərazilərin bərpası, regionda sülhün qalıcı olması üçün aktiv işlər görülür. Eyni zamanda, regionda Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin beynəlxalq aləmdə və regionda liderliyə yönəlmiş davranışlarının daha da güclənməsinə zərurət yaratmışdır. Beynəlxalq aləmdə baş yerən yenidən təşkilatlanma proseslərinə Azərbaycanın aktiv qoşulması bu istiqamətdə də yeni resurs və səylərə zərurət yaratmaqdadır. Belə bir şəraitdə ölkəmizin qarşısında xeyli mühüm, yerli və qlobal hədəflər mövcuddur. Bu hədəflərə biz nail olmasaq, əldə etdiyimiz bütün uğurların qısa müddətdə itirilməsi təhlükəsi ilə üzləşə bilər, inkişafımız üçün mühüm imkanlardan məhrum ola bilərik”.
Xalqın inandığı Lider
T.Mirkişili vurğulayıb ki, belə bir məqamda dövlətimizin güclü və peşəkar bir şəxs tərəfindən idarə edilməsi gələcək uğurlarımız üçün əsas şərtdir.
Xalqın inandığı, müasir iqtisadiyyatı, beynəlxalq diplomatiyanı yaxşı bilən, nüfuzlu və etibarlı şəxsin dövlətə rəhbərliyi Azərbaycanın gələcəyi üçün çox vacibdir. Belə bir şəraitdə Azərbaycan xalqının inandığı, sevdiyi, öz sözü və əməli ilə xalqımıza, dövlətimizə tarixi bir Zəfər və baş ucalığı bəxş edən cənab İlham Əliyevin növbəti seçkidə prezidentliyə namizədliyi xalqın tələbi və istəyidir. Məhz Onun Azərbaycan dövlətinə və xalqına rəhbərliyi indiyə qədər olduğu kimi, bundan sonra da hər sahədə yeni uğurlar və qələbələrlə yadda qalacaq.
Sayalı Abasova