Müdrik xalqımız yenidən düzgün seçim edərək Qalib Liderə səs verəcək
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin birinci hissəsini rəhbər tutaraq habelə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq dekabrın 7-də imzaladığı Sərəncamla 2024-cü ilin 7 Fevral tarixinə Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri təyin etmişdir. Bu reallıq fonunda siyasi cameədə xüsusi müzakirə predmetinə çevrilmiş bir sıra məsələlərə aydınlıq gətirməyə çalışaq.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov bildirib.
Elman Nəsirov daha sonra qeyd edib ki, birincisi, növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam hüquqi baxımdan tam legitimdir. Yuxarıda qeyd olunan mühüm hüquqi sənədlər dövlət başçısına növbədənkənar Prezident seçkiləri təyin etmək səlahiyyəti verir. Eyni zamanda, 7 dekabr tarixli Sərəncam siyasi baxımdan da tam legitimdir. Növbədənkənar Prezident və Parlament seçkiləri keçirmək praktikasına dünyanın əksər ölkələrində rast gəlinir. ATƏT-in üzvü olan 56 dövlətin 33-də ümumi birbaşa o cümlədən növbədənkənar Prezident seçkilərinin keçirilməsinə icazə verən Konstitusiya və digər qanunvericilik aktları mövcuddur.
Təkcə son 5 il ərzində dünyanın bir çox ölkələrində növbədənkənar parlament və prezident seçkiləri keçirilmişdir. Belə ki, 2019-cu ildə Belarusda, 2021-ci ildə Moldovada, 2022-ci ildə Portuqaliyada, 2023-cü ildə İspaniyada, Niderlandda və Serbiyada növbədənkənar parlament, Mərkəzi Asiyanın 4 dövlətində - Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda isə müvafiq olaraq 2021, 2022, 2023-cü illərdə növbədənkənar prezident seçkiləri keçirilmişdir. 2024-cü ilin 17 mart tarixində Rusiya Federasiyasında da növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. Bu siyahını uzatmaq da olar, zənnimcə, əlavə şərhə ehtiyac yoxdur.
Növbədənkənar prezident seçkiləri ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək
İkincisi, bu seçkilərin növbədənkənar keçirilməsini şərtləndirən ciddi səbəblər və əsaslar mövcuddur. Araşdırmağa çalışaq. Müstəqillik dövründə ölkəmizdə keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri heç bir zaman bütün ölkə ərazisini əhatə etməmişdir. Seçkilər həmişə 80 faiz ərazilərimizdə keçirilmiş, erməni işğalı altında olan 20 faiz ərazilərimiz bu prosesdən kənarda qalmışdı. 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüzü bərpa etdikdən, cari ilin 19-20 sentyabrında lokal antiterror tədbirlər hesabına Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi tam, qəti və əbədi təmin etdikdən sonra yeni tarixi reallıq yaranmışdır. Bu reallığın, yəni ərazi bütövlüyümüz və suverenliyimizin 100 faiz təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən yubadılmadan vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrilmişdir. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində 2025-ci ili gözləmədən, növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən həlledici amildir. Başqa sözlə, növbədənkənar prezident seçkiləri ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək.
Üçüncüsü, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərini Sərəncamda göstərdiyi tarixə təyin edilməsini və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil edilməsini təmin etməlidir. Artıq Mərkəzi Seçki Komissiyası öz üzərinə düşən vəzifənin icrası istiqamətində konkret addımlar atmaq atmağa başlamışdır. Dekabrın 8-də Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas Hərəkət və Tədbirlərin Təqvimi Planını təsdiq etmişdir. Təqvim Planına əsasən, Prezidentliyə namizədlərin irəli sürülməsi prosesinə başlanılmışdır. Bu məqsədlə ilk addım olaraq Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçirilmişdir. İclasın gündəliyinə 4 məsələ daxil edilmiş və geniş müzakirə edilmişdir. İlk məsələ 2024-cü ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyası Prezidentliyə namidəzinin irəli sürülməsi olmuşdur. Müzakirələrin sonunda Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasına namizəd irəli sürməsi haqqında yekdilliklə qərar qəbul edilmişdir. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54. 5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası yenidən növbədənkənar Prezident seçkilərinə vahid namizədi Müzəffər Ali Baş Komandan İlham Əliyevlə qatılır. Elə bir rəhbərlə ki, tarixi Zəfəri ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın qalibiyyətlərlə dolu hərb tarixinə əbədi həkk etmişdir. Bu baxımdan, İlham Əliyev tarixi şəxsiyyətdir, adını tarixə yazan və tarixə yazdıran Sərkərdədir. Xalqın gözü tərəzidir. Müdrik xalqımız yenidən düzgün seçim edərək qalibiyyətlər tariximizin davamına səs verəcəyinə əminik.
Yaqut Ağaşahqızı,“İki sahil”