18 dekabr 2023 17:49
416

Prezidentin namizədliyinin YAP tərəfindən irəli sürülməsi hər bir azərbaycanlının ürəyincədir - DEPUTAT

YAP İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində möhtərən Prezidentimiz, partiyanın Sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Bu qərar bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Çünki, ərazi bütövlüyümüzün tam bərpasından sonra bütün ərazilərimizdə keçiriləcək ilk seçki olacaq. Buna həm də Zəfər seçkisi deyə bilərik. Əslində, 2023-cü il xalqımızın şanlı, şərəfli tarixinə qızıl hərflərlə yazılacaq. Bu il Ulu Öndər, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin 100 illik yubileyi həm ölkəmizdə, həm də xaricdə böyük təntənə ilə qeyd edildi. Təbii ki, bu, sanki həm də 100 ilin hesabatıdır. Ulu Öndərin 100 illik yubileyi Azərbaycanın keçdiyi tarixi yolun hesabatıdır. Bu ilin aprelində Laçın istiqamətində, Azərbaycan-Ermənistan sərhədində buraxılış-keçid məntəqəsi quruldu. Bununla da Azərbaycan ərazisinə istər erməni separatçılarının, istərsə də kənar qüvvələrin qeyri-qanuni daxil olmasına imkan verilmədi. Sentybarın 20-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu antiterror tədbirləri nəticəsində Qarabağda separatçı tör-töküntülərin kökü tamamilə kəsildi. Onların yuvaya çevirdikləri Xankəndidə Prezident İlham Əliyev Azərbaycan Ordusunun şanlı, möhtəşəm paradını qəbul etdi. Beləliklə, əslində Azərbaycan xalqı qarşısında ulu babalarımızın saf amallar uğrunda çalışıb-vuruşduğu tarixi yolun bir hesabatını verdi. Cənab İlham Əliyev Azərbaycan üçün taleyüklü məsələləri həll etdi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu qələbələrimiz Azərbaycanı gözü götürməyən qüvvələrdə qıcıq yaratdı. Bu yaxınlarda biz ABŞ Konqresinin, Avropa Birliyinin, Fransanın qərəzli bəyanatları ilə tanış olduq. Onların bizə heç bir təsiri yoxdur. Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. Azərbaycanın tarixi Zəfərlərindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Zəngəzur dəhlizi ətrafında gedən çəkişmələr, bunun üçün ayrı-ayrı dövlətlərin öz maraqlarından çıxış edərək bəyanatlar verməsi, həmçinin artıq ermənilərin viran qoyduğu ərazilərin bərpa-quruculuq işləri, Böyük Qayıdış planının həyata keçirilməsi Azərbaycanın hələ bundan sonrakı dövrlər üçün nə qədər yeni hədəflərinin olduğunu müəyyənləşdirir. Bu sevincli günlərlə bərabər Azərbaycan öz konstitusion hüququndan istifadə edərək prezident seçkilərinin keçirilməsi üçün qərar qəbul etdi. Prezident İlham Əliyev bu seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul etməklə çox düzgün addım atdı. Hesab edirəm ki, bununla xalqımız cənab İlham Əliyevin son 20 ildə göstərdiyi fəalliyyət nəticəsində ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə nə qədər uğurlar əldə etdiyinə dair minnətdarlıq hissini ifadə edəcək. Son 20 ildə dövlət başçısı dünya siyasi xəritəsində bir zərrə qədər görünən Azərbaycanı dünyanın özü qədər böyütdü. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli istər idman, istərsə mədəni və siyasi tədbirlər Azərbaycana inamın nə qədər böyük olduğunu göstərir. Bu gün dövlətimiz dünyada söz sahibidir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

İlham Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə ilk olaraq Prezident seçkilərinin keçirilməsi tam mənada rəmzi məna daşıyır. Bu, ərazi bötövüyümüzün, suverenliyimizin ifadəsidir. Bu ərazilərdə seçki məntəqələri yaradılacaq və biz bütün dünyaya göstərəcəyik ki, hüquqi-demokratik dövlət olan Azərbaycan bütün ərazisində öz konstitusiyasına uyğun olaraq siyasi tədbirlərini keçirir. Bu, böyük Qələbə və böyük sevincdir. Hər bir azərbaycanlı bu seçkilərdə olduqca fəal iştirak etməyi artıq indidən hədəfləyiblər. Bu ərəfədə mən rayonda seçicilərimizlə görüşdüm. Onlar qeyd edirlər ki, biz cənab Prezidentimizə öz sevincimizi necə ifadə edək? Bizim Sərkərdəmiz, Ali Baş Komandanımız xalqımıza və dövlətimizə tarixi Qələbə yaşatdı. İnkişafın, dövlətin iqtisadi gücünün hər bir məqamı məhz xalqımızın sosial rifahının yaxşılaşmasına sərf edilir. Vətəndaşlarımız bunu gündəlik həyatda hiss edirlər. Bu baxımdan hesab edirəm ki, növbədənkənar prezident seçkilərinin elan edilməsi, keçirilməsi və möhtərən Prezidentimizin YAP-ın namizədi olaraq irəli sürülməsi hər bir azərbaycanlının ürəyincədir. Seçkilərdə hər bir vətəndaşı fəal olmağa çağırıram.

Cavid Əkbərov, "İki sahil"