18 dekabr 2023 18:00
353

YAP-ın qərarı Azərbaycan xalqının tələbi və sosial sifarişidir

Xalqımız çox yaxşı bilir ki, uğurlarımızın, qələbələrimizin davamı üçün cənab İlham Əliyev siyasətinin alternativi yoxdur

Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamlılığının milli zərurət olduğunu Azərbaycanı sevən, onu qüdrətli görmək istəyən hər bir vətəndaş tarixi faktlara əsaslanaraq dərk etməkdədir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov deyib.

B. Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı milli özünüdərk və inkişafı yeni mərhələyə yüksəltmiş cənab İham Əliyev şəxsiyyətinin rolu Cənubi Qafqaz başda olmaqla bütün regionumuzda təsirli iz buraxmaqdadır. Beynəlxalq hüquqla tanınan bütün ərazilərimizdə konstitusiya quruluşunun bərqərar olunmasına məhz cənab İlham Əliyevin rəhbərliyi altında nail olmuşuq. Cənab Prezident Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəldib. Bu mənada məhz xalq Heydər Əliyev siyasi kursuna sadiq qalan cənab İlham Əliyevin qətiyyəti ilə üç il ərzində düşməni iki dəfə kapitulyasiyaya məcbur edən bir Qalib xalqa çevrilib. Məhz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində həyata keçirilən iqtisadi və siyasi islahatların nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Heç şübhəsiz ki, tarixi Zəfərimizdən və Qarabağda lokal antiterror tədbirlərindən, Azərbaycanda seperatizmin kökü kəsildikdən sonra yeni prioritetlərimiz meydana çıxıb.

Deputat vurğulayıb ki, bu gün yeni reallıqlar zəminində bizim əsas hədəfimiz böyük quruculuq və bərpadır. Eyni zamanda, hər bir vətəndaşımızın bütövlükdə layiqli həyat səviyyəsi ilə təmin ediməsi siyasətini biz inamla irəlilədirik. Heç şübhəsiz ki, gələcəkdə bu prosesin davamlığının təmin olunması, uğurlarımızın, qələbəmizin davamı üçün Azərbaycan xalqı da çox yaxşı anlayır ki, ölkəmizi tarixinin ən güclü və qalib dövlətinə çevirən cənab İlham Əliyev siyasətinin alternativi yoxdur. Bu mənada Yeni Azərbaycan Partiyasi İdarə Heyətinin qərarı ilə cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində hakim partiyanın namizdə kimi müəyyən edilməsi Azərbaycan xalqının təkidli tələbi və sosial sifarişidir.

Nigar Orucova, “İki sahil”