18 dekabr 2023 21:39
422

Xalqın seçimi bəllidir: Torpaqlarımızı işğaldan kim azad edibsə, xalq onu dəstəkləyəcək

Xalqımız YAP tərəfindən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini böyük məmnununluqla qəbul edir və buna görə sevinir

2024-cü il fevral ayının 7-də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında partiyanın Sədri, Prezident İlham Əliyevin namizədliyi irəli sürüldü. Azərbaycanda həmişə xalqının və dövlətinin tarixində xidmətləri olan, böyük uğur qazanan dahi şəxsiyyətlər olub. Bu tarixi şəxsiyyətlər zamanın ən çətin məqamında xalqına rəhbərlik etmiş, çətinliklərdən, fəlakətlərdən qorumuş və beləliklə, Azərbaycan tarixinə öz şərəfli adını həkk etmişdir. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bunun şirinliyini dadmaq bizə qismət olmadı. Çünki Sovet dövlətinin süqutu ərəfəsində erməni-daşnak qüvvələri Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etmək üçün fəaliyyətə başladılar. Beləliklə, ermənilərin ədalətsiz və işğalçı siyasətinə havadarlıq edən dövlətlər bu işi ermənilərin xeyrinə həll etdilər. Ona görə də Azərbaycan müstəqilliyini elan etməklə yanaşı, bunu qorumaq üçün çətin günlər və çətin illər yaşamağa başladı.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov bildirib.

Tarixi ədaləti bərpa edən Ümummilli Liderin xalqa bəxş etdiyi müdrik şəxsiyyət İlham Əliyev oldu

Anar İsgəndərov qeyd edib ki, nəhayət, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkəmizdə vətəndaş müharibəsi və qardaş qırğınına son qoyuldu. Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi olaraq dövlətimiz erməni-daşnak qüvvələrinin qarşısını aldı və ölkəsinin daxili və xarici siyasəti ilə bağlı bir çox uğurlara imza atdı. Təbii ki, 2003-cü ildə dahi şəxsiyyət Heydər Əliyev xalqına müraciətində deyirdi ki, mən Ona özüm qədər inanıram. Bu ifadəni vurğulamaqla Ulu Öndər Heydər Əliyev təbii ki, özünün siyasi varisi olan İlham Əliyev cənablarını nəzərdə tuturdu. 2003-cü ildə növbəti prezident seçkilərində xalq cənab İlham Əliyevə etimad göstərdi. Dövlət başçısı İlham Əliyev Azərbaycan tarixində o şəxsiyyətlərdəndir ki, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bütün məsələləri – ölkənin daxili və xarici siyasətini uğurla inkişaf etdirməyə nail oldu. Ölkənin ən ağrılı problemi olan Qarabağ məsələsi bütün Azərbaycan xalqını gecə-gündüz düşündürürdü. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi ki, erməni işğalı altında olan bütün şəhər və kəndlərimiz azad ediləcək. Bəli, həmin əraziləri, torpaqları və kəndləri düşməndən azad edən Ümummilli Liderin Azərbaycan xalqına bəxş etdiyi bu müdrik şəxsiyyət məhz İlham Əliyev cənabları idi. İlham Əliyev hakimiyyətinin  ilk günündən başlayaraq Azərbaycan xalqını “Dəmir yumruq” ətrafında birləşdirməyə nail oldu. Problemin tarixiliyini və hüquqi müstəvisini bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır. Bu torpaqda heç bir zaman erməni yaşamayıb. Çar Rusiyasının yaxından köməyi ilə bu əraziyə ermənilər köçürülüb. Bu köçürülmə tarixi də hamıya məlumdur. Kimsə bunu görmək istəmirsə, görsün. Kimsə eşitmək istəmirsə, eşitsin. Çünki bu tarixdə şübhəli heç bir məqam yoxdur. Dövlətimizin başçısı bilirdi ki, Ermənistan sülh yolu ilə Azərbaycan torpaqlarından çıxmasa, birmənalı olaraq sözügedən məsələnin həlli müharibədən keçir. Doğrudur, uğursuz Minsk qrupu, həmçinin digər beynəlxalq təşkilatlar Azərbaycanı inandırmağa istəyirdilər ki, müharibədən imtina etmək lazımdır. Bu yol, yəni Qarabağın qaytarılması sülh yolu ilə mümkündür. Amma zaman göstərdi ki, sadəcə Avropa dövlətlərinin, Qərbin Azərbaycana diktəsi boş xəyaldır, heç bir əsası yoxdur. Xalqımız da bunu çox gözəl bilirdi. Dövlət başçımız da ölkə iqtisadiyyatını gücləndirməklə, o cümlədən neft və qaz sektorundan gələn milyardlarla manatla dünyanın ən müasir silahlarını əldə edə bildi və özünün dili ilə desək o zamanki 17 illik hakimiyyəti dövründə əsgərinin yanından çəkilmədi. Bununla da müasir bir ordu yaratdı. Elə bir ordu yaratdı ki, Silahlı Qüvvələrimiz hər cür müasir silahla təchiz edildi. Ordunun Vətənə olan məhəbbətini də əsgər Ali Baş Komandanının timsalında yaşadı, gördü və torpağını azad etmək üçün Prezidentin siyasi qərarını gözlədi.

Azərbaycan xalqı bu seçkilərdə Qalib xalq kimi iştirak edəcək

Deputat qeyd edib ki, doğrudan da Nadir şahdan sonra Azərbaycan tarixində ilk dəfə olaraq cənab İlham Əliyev yeganə dövlət başçısıdır ki, öz əzmi, cəsarəti və təcrübəsi ilə 44 gün ərzində yağı düşməni darmadağın etdi. Beləliklə, Müzəffər Sərkərdə doğma tarixi torpaqlarımızı azad etdi. Yəni 30 il ərzində xalqımıza məğlub gözü ilə, əsgərimizə kinayə ilə baxan Qərb təəccübündən heç bir söz deyə bilmədi. Doğrudur, bu 44 gün ərzində dövlət başçısına təzyiqlər də oldu. Amma təcrübəli dövlət başçısının cəsarəti və qətiyyəti hər şeyi kölgədə qoydu. Ona görə də 2024-cü ilin Prezident seçkiləri və burada İlham Əliyev cənablarının iştirakını bütün Azərbaycan xalqı böyük məmnununluqla qəbul edir və buna görə sevinir. Çünki, İlham Əliyev cənabları 44 günlük tarixi Zəfərdən sonra da bu Qələbəni sona çatdırmaq, erməni separatizm kitabını birdəfəlik bağlamaq üçün 2023-cü ilin sentyabr ayının 19-20-də antiterror tədbirlərini uğurla həyata keçirdi. Bununla da Azərbaycan ərazisi bütövləşdi, bütün ərazilərində suverenliyi tam bərpa olundu. 1923-cü ildə Sovet Rusiyası tərəfindən Azərbaycan torpaqlarında yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Azərbaycanın bütün bölgələrində üçrəngli dövlət bayrağımız şərəflə dalğalanmağa başladı. Bütün bunlar təbii ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tarixi xidmətidir. Bu mənada İlham Əliyev cənabları növbədənkənar Prezident seçkiləri keçirməsinin həm də obyektiv səbəbləri var. Çünki, 1990-cı ildən sonra Azərbaycanın bütün ərazilərində nə prezident, nə parlament, nə də bələdiyyə seçkilərini keçirmək mümkün olmamışdı. Azərbaycan torpaqlarının 20 faizi düşmən işğalı altında olduğundan və həmin ərazinin əhalisi qaçqın və məcburi köçkün həyatı yaşadığına görə seçkiləri bütün ölkə ərazisində keçirmək mümkün deyildi. Ona görə də 2024-cü ildə keçiriləcək prezident seçkiləri Azərbaycan tarixində bir ilk olacaq. Həmçinin artıq Azərbaycan xalqı bu seçkilərdə Qalib xalq kimi iştirak edəcək.

Xalqın seçimi bəllidir

Anar İsgəndərov vurğulayıb ki, xalq artıq öz seçimini edib. Bu seçim nədirsə, bunları mən izah etdim. Xalqımız 30 il çəkdiyi əziyyətlərdən sonra 44 günlük Vətən müharibəsində öz tarixi torpaqlarını qaytardı. Bu ərazilərdə gecə-gündüz quruculuq və bərpa işləri gedir. Dağıdılan kəndlər, viranəyə çevrilən şəhərlər, yandırılan məscidlər ən müasir qaydada təmir edilir və Azərbaycan xalqı da öz tarixi torpaqlarına qayıdır. Təbii ki, 2024-cü il fevral ayının 7-də təxminən 20 min soydaşımız işğaldan azad edilmiş doğma yurdunda seçkilərdə qürurla iştirak edəcək. Xalq bərpa edilən kəndlərə və şəhərlərə köçür, bu siyasi hadisəyə görə də dövlət başçısına minnətdardır. Çünki prosesi başlayan, onu uğurla başa çatdıran və bu gün bərpa-quruculuq işlərinə rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev cənablarıdır. Bu gün prezident seçkiləri ilə bağlı ölkəmizdə yaradılan demokratik şərait hamıya məlumdur. Hamı, o cümlədən iddiası olan şəxslər bu seçkilərdə iştirak edə bilər. Bu seçkilərdə iştirakla bağlı artıq müxalifət-iqtidar söhbəti yoxdur. Əsas söhbət odur ki, xalq kimə səs verəcək?, xalq kimə inanır? Gün kimi aydındır ki, gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin qalibi, qəhrəmanı kimdir. Torpaqlarımızı kim işğaldan azad edibsə, ərazi bütövlüyümüzü kim təmin edibsə, bir milyon qaçqın və məcburi köçkünü yenidən öz doğma yurduna kim köçürürsə, Azərbaycanın Prezidenti də o olacaq. Xalq bu düşüncənin sahibidir, əminəm ki, biz fevral ayında bu tarixi hadisənin şahidi olacağıq.

Cavid Əkbərov, "İki sahil"