19 dekabr 2023 13:04
310

YAP-ın cənab İlham Əliyevin namizədliyini irəli sürməsi gözlənilən və məntiqli qərardır - AÇIQLAMA

Müasir Azərbaycan uğurlarını Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirməlidir 

Bir neçə gün öncə YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyi irəli sürüldü. Hazırda əldə etdiyimiz uğurlar, torpaqlarımız üzərində tam suverenliyimizin bərpası, 2020-ci ildə 44 günlük müharibədən və 2023-cü il antiterror tədbirlərindən sonra Azərbaycan son 200 il ərzində ilk dəfədir ki, belə nəaliyyətlər əldə edir. Bütün əldə etdiyimiz uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı diplomatik gedişlər, siyasət planlaşdırması və vizyonu dayanır. 

Bu sözləri “İki sahil”ə açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

T.Gəncəliyev bu kontekstə Azərbaycanın əldə etdiyi uğurların və bu siyasətin davam etdirilməsinin vacib olduğunu vurğulayıb: “Bu, ölkəmizin artıq yeni bir Azərbaycan olaraq dünyaya səs salması, regional və qlobal səviyyələrdə imicinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir. Bu gün Azərbaycan dünyanın BMT-dən sonra ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərakatına uğurla sədrlik edir, ətraf mühitlə bağlı dünyanın ən böyük iqlim məsələləri ilə məşğul olan COP29 konfransına ev sahibliyi etməyə hazırlaşır.

Eyni zamanda, ölkəmiz regionda qlobal səviyyədə yeni reallıq yaratmışdır. İnsan resursları, hərbi gücü, iqtisadi gücü ilə dünyanın aparıcı ölkələri sırasında sayılıb-seçilir. Bütün bunlarda təbii ki, liderin xüsusi önəmi var. Ona görə də, bütün amilləri nəzərə alsaq, YAP-ın cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürməsi gözlənilən və məntiqli qərardır. Hesab edirəm ki, müasir Azərbaycanın öz uğurlarını davam etdirməsi istiqamətində atacağı addımlar məhz cənab Prezident İlham Əliyevin adı ilə bağlı olduğundan bu işlər Onun rəhbərliyi altında davam etdirilməlidir. Buna böyük ümidlərimiz var”.

Sayalı Abasova