19 dekabr 2023 16:40
368

Xalq Qalib Sərkərdə İlham Əliyevi böyük inam, etimad və sevgi ilə dəstəkləyəcək - Məlahət İbrahimqızı

Azərbaycan müstəqilliyin bərpasının 32 illiyini qeyd etdi. Bugünkü qlobal təhlükələrin mövcud olduğu bir dövrdə, dünyada getdikcə artan münaqişələrin fonunda, ölkələrin və xalqların müstəqilliyinə, dövlətçiliyinə təhdidlərin artdığı bir zamanda 32 il çox az bir zamandır. Bu mənada bir daha qeyd etmək istərdim ki, dünyada müstəqillik yaşı Azərbaycan kimi az olan dövlətlət, məsələn keçmiş SSRİ-dən ayrılmış respublikalar üçün müstəqillik məhfumu kövrəkdir. 2022-ci ilin yanvar ayında Qazaxıstanda baş verən iğtişaşları yada salaq. Dövlət bir balaca ehtiyatsız davransaydı, bu ölkədə ciddi problemlər yarana bilərdi. Eləcə də digər başqa ölkələrdə. Elə bu gün Ukraynada baş verənlər də dediklərimin sübutudur. Biz nəyin şahidi olduq? Gördük ki, Ulu Öndər Heydər Əliyev kimi böyük Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bizim belə böyük şəxsiyyətimiz olmasaydı, 1993-cü ildə Azərbaycanın müstəqilliyi sükuta uğrayacaqdı və ölkəmiz dünyanın siyasi xəritəsindən silinəcəkdi.

Nəzərə alsaq ki, vaxtilə bizim dövlətin ərazisinin 20 faizi işğal olunmuşdu. Bir milyondan artıq qaçqın və məcburi köçkün, eləcə də tarixi Qərbi Azərbaycan torpaqlarından da 300 mindən çox azərbaycanlı soydaşlarımız, bacı-qardaşlarımız deportasiya və etnik təmizləməyə məruz qalmışdı. Sözsüz ki, bu, təkcə erməni vandallarının əməli deyildi, onları dəstəkləyən xarici qüvvələrin də 200-300 illik layihələrinin bir hissəsi idi. Yəni bir daha vurğulayım ki, 1993-cü ildə ölkəmizdə Heydər Əliyev kimi müdrik şəxsiyyət, dahi Lider olmasatdı, Azərbaycanın müstəqilliyi haqqında danışmağa dəyməzdi. Bundan sonrakı dönəmdə isə müstəqil dövlətimizin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyevdən sonra İlham Əliyev cənabları kimi böyük şəxsiyyət hakimiyyətə gəlməsəydi, nə işğalda olan torpaqlarımız azad ediləcəkdi, nə də bu gün Azərbaycan dünyaya həqiqətən günəş kimi parlamazdı.

Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. 

Deputat qeyd edib ki, bu gün xaricdən gələn əcnəbilər təəccüblənirlər ki, torpaqları 30 ilə yaxın işğal altında qalan, 32 il müstəqillik yaşı olan dövlətdə bütün regionlar, o cümlədən paytaxt Bakı da daxil olmaqla ölkəmiz belə böyük sosial-iqtisadi inkişaf yolu keçib. Azərbaycan qüdrətli dövlətə çevrilib. Həmçinin, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib. Bu gün azad edilmiş ərazilərimizdə meqa layihələr həyata keçirilir. Beləliklə, həmin xarici qonaqlar Azərbaycanda gedən inkişaf prosesləri ilə qeyd etdiyim son iki nüansı bir araya sığışdıra bilmirlər. Ona görə Prezident İlham Əliyevin gücünü, qüdrətini, məğlubedilməzliyini, müdrikliyini beynəlxalq düşüncə mərkəzləri heyranlıqla qeyd edirlər.

Məhz bu nöqteyi-nəzərdən bu gün və gələcəkdə Prezident İlham Əliyevin görəcəyi işlər hələ çoxdur. İlham Əliyev cənabları bundan sonra da hələ uzun illər Azərbaycanın inkişafına, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edəcək. Mustafa Kamal Atatürk Türkiyədə Qurtuluş savaşını qazandı. Bu tarixi Zəfərdən sonra türk xalqı və parlament qərara gəldi ki, Atatürk nə qədər sağdırsa, imtina etmirsə, Türkiyə Cümhuriyyətini idarə etsin. Bilirsiniz ki, Türkiyə parlamentli ölkədir. Buna görə qərar qəbul olundu ki, Türkiyə dövlətinin başçısı, parlament rəhbəri kimi bütün səlahiyyətlər qazi Mustafa Kamal paşanın əlində olacaq. Bu, türk xalqının həqiqətən də böyük müdrikliyi idi. Artıq Çanaqqala Zəfəri qazanılmışdı, amma 1923-cü ildə yeni yaranmış müstəqil Türkiyə Respublikası hələ kövrək bir dövlət idi. Çünki Türkiyənin üzərinə neçə tərəfdən, yəni Fransa, İngiltərə və s. istiqamətdən böyük cəbhə açılmışdı. Osmanlı dağıldı və yerində bu gün dünyaya Azərbaycan kimi parlayan günəş, Türkiyə Cümhuriyyəti doğdu. Belə bir cümhuriyyətin qurulmasında təbii ki, türk xalqı və bütün dünya Atatürkün misilsiz xidmətlərini xüsusi qeyd edir.

Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün Azərbaycanın bütün ərazilərində suverenliyini tam bərpa edib. Məlum olduğu kimi bu ilin sentybarın 19-20 tarixlərində keçirilən antiterror tədbirləri ilə ərazilərimizdə separatizm kitabı birdəfəlik bağlandı.  Amma möhtərən Prezidentimizin müdrikliyi, uğurlu strategiyası və ordumuzun peşəkarlığı sayəsində heç bir mülki obyektə ziyan vurmadan antiterror tədbiri bir sutkadan da az bir vaxtda yekunlaşdı. Azərbaycan dövləti dünyaya müharibənin necə aparıldığını, hərb mədəniyyətini, humanizmi göstərdi.

Prezident İlham Əliyev cənabları xalqımıza hava, su, çörək qədər vacib Liderdir. Dövlətimizin daha güclənməsi, inkişafı üçün cənab İlham Əliyev kimi Liderə böyük ehtiyacımız var. Dövlətimizin başçısı beynəlxalq səviyyədə böyük nüfuza malikdir. Avropada cənab İlham Əliyev ən etibarlı tərəfdaş kimi qəbul edilir. Həmçinin çox böyük və güclü ölkələrin COP29-a ev sahibliyi etmək iddiası keçmədiyi halda, bu mötəbər tədbirin gələn il Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi. Qoşulmama Hərəkatı kimi 120 ölkənin üzv olduğu beynəlxalq təsisatda Prezident İlham Əliyev böyük uğurlara imza atdı. Dövlət başçısımız həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq məkanda təşəbbüskar ölkələr cərgəsindədir.

Prezdentimizin bir ifadəsi var, biz reallaşması mümkün olmayan layihələrlə məşğul olmuruq. Yadınızdadır, pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Sədri kimi bir sıra qərar və qətnamələrlə BMT-yə müraciət olundu, qərarlar qəbul edildi. Bu gün ölkəmizin təşəbbüsləri davam edir. Yəni, bütün bunlar dövlət başçısı İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amillər sırasındadır.

Deputata bildirib ki, dövlət başçımız təkcə Azərbaycan üçün deyil, region və türk dünyası üçün, eyni zamanda İslam aləmi və Avropa məkanı üçün çox önəmli siyasi Liderdir. Azərbaycan xalqı da məhz möhtərən Prezidentimizlə fəxr edir və yekdilliklə də onu dəstəkləyir. Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ölkəmizi istəməyən qüvvələrə bir cavabdır. Onlar görəcək ki, Azərbaycan xalqı necə ki, 1993-cü ildə təkidli tələblə Ulu Öndər Heydər Əliyevi hakimiyyətət dəvət etdi, ümumxalq seçkisi ilə Prezident seçdi, indi də dövlət başçısı, Qalib Sərkərdə İlham Əliyevi böyük inam, etimad və sevgi ilə dəstəkləyəcək. Cənab İlham Əliyev bu gün dünya səviyyəsində çox önəmli siyasi Liderdir.

Cavid Əkbərov, "İki sahil"