29 dekabr 2023 22:54
3517

Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində Ümummilli Liderin rolu

Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam oldu. Dahi rəhbərin Vətən,  xalq və dövlət qarşısında xüsusi xidmətlərindən biri də dünya azərbaycanlılarının həmrəylik və birlik gününün rəsmiləşdirməsi, daha doğrusu, ona dövlət bayramı günü statusu qazandırması olmuşdur. 1989-cu ilin dekabrında  başlanan və 1990-cı ildən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilən dünya azərbaycanlılarının həmrəylik və birlik gününə Heydər Əliyev əsl dövlət statusu qazandırdı.

Çünki Naxçıvan Muxtar Respublikasından başlanıb Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına 1989-90-cı illərdə imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr  qara yaxmağa başlamışdılar. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlətçilik fəaliyyətində diaspor işinə daim diqqət yetirmiş, harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq daim Azərbaycan dövlətinin nüfuzunu yüksəltmiş, xalqımızın şərəf və ləyaqətini qorumuş, azərbaycanlıları uca tutmağa, onların mənəvi və fiziki qabiliyyətlərini aşkara çıxarmağa, onlara inam və etimad göstərməyə çalışmış, başqalarını da buna təşviq etmişdir.

Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə çox cəsarətlə və qürur hissləri ilə “Azərbaycan dövləti”, “Azərbaycan xalqı”, “Azərbaycan milləti”, “Azərbaycan dili”, “Türk dünyasının birliyi”, “Bir millət, iki dövlət”, “İslam həmrəyliyi” və s. kimi fikir, ideya, söz və ifadələrini uca kürsülərdən söyləmişdir. Heydər Əliyev Azərbaycan xalqının qədim və qəhrəmanlıqlarla dolu tarixini, zəngin mədəniyyətini, ecazkar təbiətini, çox rəngarənk və ləzzətli mətbəxini, həzin,ürəkləri lərzəyə gətirən musiqisini, ədəbi-fəlsəfi fikirlərlə dolu olan ədəbiyyatını və.s dünyaya nümayiş etdirməyə çalışmışdır.

Ulu Öndər azərbaycanlıların milli şüuruna yenidən işıq saçmaqla onların milli kimliyini, milli mənsubiyyətini, milli tarixi kökünü bir daha müzakirə mövzusu edərək və bu məsələlərdə diaspor işinə xüsusi önəm verərək, 2001-ci il noyabrın 9-10-da dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıları doğma Vətənə - Azərbaycana topladı. Ulu Öndər Heydər Əliyevin həmin günlərdə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında söylədiyi fikirlər soydaşlarımızın milli şüurunu və tarixi yaddaşını yenidən silkələdi, onların milli hisslərini coşdurdu və işıqlandırdı. Yalnız və yalnız ulu öndər Heydər Əliyevin dünya şöhrəti, müdrikliyi, bacarığı, səriştəsi, dəmir məntiqli nitqi sayəsində müxtəlif ölkələrdə yaşayan və müxtəlif dünyagörüşə malik olan dünya azərbaycanlıları bir araya gəldilər və milli məqsədlər naminə yumruq kimi birləşməyə qərar verdilər. Dünya azərbaycanlılarının möhkəm milli birliyinin yaranması istiqamətində atılan addım kimi bu tarixi qurultayın çağırılması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, tarixi, xalqı və dünya azərbaycanlıları qarşısında ən böyük xidmətlərindən biri idi.

1991-ci ildə Sovet İttifaqının dağılmasını, 15 müttəfiq respublikanın öz müstəqilliyini yenidən bəyan etməsini və 1920-ci ildən sonra itirilmiş müstəqilliyin bərpasını dünyada gedən obyektiv tarixi proseslərin məntiqi nəticəsi kimi xarakterizə etdi və bu proseslərin nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinin yaranması ücün əlverişli şəraitin yarandığını bildirdi. Heydər Əliyev qurultaydakı öz nitqində bu məsələlərə toxunaraq dedi: “ ...biz hələ müstəqilliyimizin ilk aylarında,1991-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”. Ümummilli Lider öz nitqində qeyd etdi ki, bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinin əsas əhəmiyyətindən biri də bundan ibarət olmuşdur ki, qurultayda iştirak edən insanlar, dünyanın bir-çox üzaq ölkələrindən gəlmiş soydaşlarımız bir-biri ilə daha yaxından ünsiyyətdə olmuş, bir-birini anlamağa çalışmış, müxtəlif ölkələrdə fəaliyyət göstərən icmaların vahid diaspor halında birləşməsində böyük rol oynamışlar.

Qurultayda Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olduğunu bəyan etdi. Ümummilli Lider dedi: ”Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər yüksək tribunadan bir daha bəyan etdi: “Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq , öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq”. Daha sonra milli lider vurğuladı ki, Azərbaycan sülhsevər dövlətdir. Biz dünyanın bütün ölkələri ilə lazım olan səviyyədə iqtisadi, siyasi, ictimai, elmi, humanitar əlaqələr yaratmışıq, yaradırıq və bu əlaqələri inkişaf etdiririk və etdirəcəyik. Ancaq Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir”.

Ölkəmiz ən böyük problemi olan Azərbaycan - Ermənistan Dağlıq Qarabağ probleminə toxunan Heydər Əliyev münaqişənin həlli ilə bağlı görülən işlərdən danışdı və əmin olduğunu bildirdi ki, bu münaqişə də aradan götürüləcək, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqın və köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.”Təbiidir ki, bu məsələdə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var.”-deyə o bildirib. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın.

Ulu Öndər çıxışını belə arzularla başa vurdu: “Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin! Azərbaycan xalqına eşq olsun! Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!”

Ümummilli Lider Heydər Əliyev Azərbaycan diasporunu gücləndirmək məqsədi ilə türk və islam dünyasının birlik və həmrəyliyinin də vacib olduğunu bəyan etmiş və bu istiqamətdə də zəruri addımlar atmışdır.

Qafar Əliyev,
YAP Qaradağ rayon təşkilatının sədri,
Siyasi elmlər üzrə fəlsəfə doktoru