05 yanvar 2024 16:56
1195

ABŞ-ın xarici siyasət kursunu erməni lobbisi müəyyən edir? - ŞƏRH

Blinkenin komandasının erməni lobbisi ilə birlikdə qərəzli, yalan dolu qondarma dini azadlıqlar siyahısı hazırlaması ABŞ adına utancvericidir

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat yayımlayıb. Hesabatın Azərbaycana aid hissəsində din azadlığı ilə əlaqədar əsassız, reallıqla heç bir əlaqəsi olmayan qərəzli iddialar yer alıb. 

Bəri başdan qeyd edək ki, sözügedən ölkənin  Ermənistan naminə bütün “qüvvələri” səfərbər edib, ölkəmizə qarşı total dezinformasiya, qarayaxma ilə müşayiət olunan siyasi şantaj yolunu seçməsi təəssüf doğurur. Bu mənada bu hesabat qara piar kampaniyasının hələ də davam etdiyinin təsdiqidir. Şübhəsiz, belə bir hesabatın hazırlanmasında erməni barmağı vardır. Elə hesabatın Azərbayacana aid olan hissəsinin dövlət komissiyasının rəhbəıri Daniela Aşbaxyan tərəfindən hazırlanması da bunu bir daha təsdiq edir. Qeyd edək ki, bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib. Bu isə ABŞ Dövlət Departamentinin hələ də erməni lobbisinin əsarətindən azad olmamasından xəbər verir.

Halbuki, ABŞ Dövlət Departamenti bilməmiş deyil ki,  dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Etnik-dini müxtəlifliyimiz dövlətçiliyimizin misilsiz nailiyyətidir. Bir sözlə, Azərbaycan dünyada tolerantlığın vətəni kimi tanınır. Özü də ölkəmizin bu tolerantlığı dünya səviyyəsində təbliğ olunur. Bizim tolerantlığımız bu gün elə ABŞ-a da nümunə ola bilər. Yeri gəlmişkən, elə bu gün Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

ABŞ-a gəldikdə isə bütün dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasının baiskarı olan bir ölkənin belə bir hesabat hazırlaması ən yaxşı halda riyakarlıqdır. ABŞ-da dini və irqi ayrı-seçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidlərə məruz qalır. Amma nədənsə ABŞ özündə olan bu reallıqları "görmək" istəmir, ənənəsinə uyğun olaraq bu və ya digər ölkəni qaralayır. Üstəlik, hər il Azərbaycanda dini mövzuda müxtəlif nüfuzlu toplantıların təşkili, respublikamızın Cənubi Qafqazda multikultural obrazının formalaşdığı, ümumən din-dövlət, din-cəmiyyət münasibətlərində nümunəvi loyal mühitin yarandığı, dini dəyərlərin ölkəmizdəki müxtəlif xalqların və etnik qrupların ənənələr sistemi kimi qavrandığı da hesaba alınmayıb. Elə isə bu necə hesabatdır?

Bəli, həmin hesabatda ölkəmizlə bağlı hissəsində qərəz və Azərbaycanofobiyaya yer verilib. BMT missiyasının 2023-cü ilin oktyabrında Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərdən sonra dərc etdiyi hesabatda oradakı mədəni və dini abidələrə heç bir zərər verilmədiyini təsdiqləməsinə baxmayaraq, ABŞ Dövlət Departamentinin bu  narahatlıqları təəccüb doğurur. Amma nədənsə sözügedən qurum Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir. ABŞ Dövlət Departamenti dini məsələlərdə  səmimidirsə, onda Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməli, Ermənistanda dağıdılan Azərbaycan dini və mədəni irsinin bərpasına dəstək verməlidir.

Bir məqamı da nəzər salaq. Dinin azadlıqlarla bağlı hesabat hazırlanırsa bunun Qubad İbadoğlu və yaxud "Abzas media" ilə nə əlaqəsi var? Hesabata dinlə heç bir əlaqəsi olmayan məsələlərin daxil edilməsi təsdiq edir ki, məqsəd hansısa azadlıqlarla baglı hesabat təqdim etmək deyil, sırf konkret siyasi məqsədə xidmət etməkdir. Təkcə bu fakt hesabatın nə qədər qərəzli olduğunu təsdiq etmək üçün yetərlidir. Üstəlik Azərbaycana aid olan hissə erməni lobbisinin təmsilçisi tərəfindən hazırlanıb. ABŞ-ın xarici siyasət kursunu erməni lobbisimi müəyyən edir, yön verir?! Blinkenin komandasının erməni lobbisi ilə birlikdə qərəzli, yalan dolu qondarma siyahı hazırlaması ABŞ-ın adına utancvericidir. Kim Birləşmiş Ştatlara dünya ölkələrinin din azadlığına dair hesabat hazırlamaq səlahiyyəti verib?

Qvami Məhəbbətoğlu, “İki sahil”