05 yanvar 2024 19:42
750

Dövlət Departamenti dini məsələ ilə bağlı o qədər absurd sənəd təqdim edib ki... - Fazil Mustafa

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət məqamlara toxunub. Burada diqqətçəkən, önəmli və əsas məqamlardan biri hesabatın ermənilər tərəfindən tərtib olunmasıdır. Belə ki, sənədin Azərbaycana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb. 

Məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ümumiyyətlə, ABŞ Dövlət Departamentinin Azərbaycanda dini vəziyyətlə bağlı apardığı təhlilləri elə siyasi vəziyyətlə bağlı təhlillərinin hansısa formada gücləndirici elementi kimi düşünülür:  “Burada hər zaman neqativ qiymətləndirilməyə üstünlük verilir. Ola bilsin ki, siyasi sahədə Amerikanın arzuladığı hansısa məqamları Azərbaycanda görə bilmirlər, yaxud onlara aid olacaq şəxslərə lazımi səviyyədə imtiyaz tanınmır. Ona görə də, bu siyasi sənədlərdə bunu anlayışla qarşılamaq olar. Çünki Azərbaycan ikili standartlara alışıb və bu məsələdə obyektivlik gözləmir. Amma dini məsələ ilə bağlı o qədər absurd sənəd təqdim edirlər ki, insan təəccüblənir. Çünki dini vəziyyətlə bağlı ölkəmizdə xüsusi problem yoxdur. Problem elə ABŞ-nin özünün də narahat olduğu dini radikalizmlə bağlı Azərbaycan hökumətinin özünün də gördüyü tədbirlər, atılan addımlardır. Bu addımlarla istənilən ölkə özünün suverenliyinə və müəyyən elementlərə qarşı bu addımları atmalıdır. Ona görə də, dini vəziyyətlə bağlı “qaşınmayan yerdən qan çıxarmaları” məqsədyönlü xarakter daşıyır. Bunun da erməni ictimai quruluşları tərəfindən qəsdən sənədlərin içərisinə salınması onu göstərir ki, Azərbaycanı bütün sahələrdə güvənsiz bir ölkəyə çevirmək anlayışı burada hakim kəsilib."

Fazil Mustafa qeyd edib ki, ancaq bu, real vəziyyət deyil: "Ölkəmizdə hansısa dini icmaya, onların müəssisələrinə, ibadət yerlərinə qarşı dövlət və cəmiyyət tərəfindən problem yaradılmayıb. Belə olan halda isə Azərbaycanın bu addımı isə tənqid əvəzinə, alqışlanmalıdır. Bunu hər zaman ölkəmizə səfər edərkən Amerikanın Yəhudi İcmasının təmsilçiləri də xüsusi olaraq vurğulayır ki,  “Azərbaycan yeganə ölkədir ki, burada dini sərbəst mövcudluğuna imkan tanınır”. Xatırlayırsızsa, Ermənistanda sinaqoqun içinə yanğın törətmək məqsədilə daxil olan erməni də məhz bu anlayışa sahib vandalistlərdən idi. Bu sübut da olundu”. 

Sayalı Abasova