05 yanvar 2024 19:58
576

ABŞ Dövlət Departamentinin qəbul etdiyi sənədlər artıq dünya tərəfindən ciddi qəbul olunmur - Hikmət Babaoğlu

Dövlət Departamenti bu cür qərəzli hesabatları müstəqil iradə nümayiş etdirən dövlətlərə təzyiq üçün istifadə edir

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət məqamlara toxunub. Burada diqqətçəkən, önəmli və əsas məqamlardan biri hesabatın ermənilər tərəfindən tərtib olunmasıdır. Belə ki, sənədin Azərbaycana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb. 

Heç kim inanmır və obyektiv olması da qeyri-mümkündür

Məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, ABŞ Dövlət Departamentində müstəqil iradə nümayiş etdirən dövlətlərə qarşı söz azadlığının, demokratik dəyərlərin, insan hüquqlarının, dini və etnik azadlıqların bir silah kimi işlənməsi artıq ənənə halını alıb: “Bu, həmin Departamentdir ki, bir neçə gün əvvəl ABŞ-dan 3 min kilometr uzaqda yerləşən ölkələrlə bağlı dinləmələr keçirir və qərar qəbul edir ki, hansı ölkə necə davranmalıdır. Bu mövqenin özü də şübhəsiz ki, beynəlxalq hüquqa ziddir. Eyni zamanda, bu müzakirələrin məhz islamofob mövqedən aparılması da ən böyük dini, milli və etnik ayrı-seçkilikdir. Belə olan halda ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabata əlbəttə ki, heç kim inanmır və onun obyektiv olması qeyri-mümkündür. Çünki daima ardıcıl olaraq belə qərəzli mövqelərdən çıxış edən müxtəlif sənədlərlə biz üzləşirik. Artıq dünya da buna alışıb. Düşünürəm ki, belə mövqe artıq heç kəsi təəccübləndirmir."

Müəllifi erməni olan hesabatın bu qədər qərəzli olmasında təəccüblü nəsə yoxdur

Deputat qeyd edib ki, Dövlət Departamentinin müxtəlif məsələlərlə bağlı yayımladığı hesabatlar artıq 30 il əvvəl olduğu kimi ciddi sənəd olaraq qəbul edilmir. Çünki bu cür hesabatlarda səsləndirilən dırnaqarası faktların milli dövlətlərə təzyiq üçün nəzərdə tutulduğu çox aydın görünür və bunu hamı dərk edir. Lakin məsələ ondadır ki, bu cür hesabatlar əvvəlki illərdəki kimi müəyyən siyasi etika çərçivəsində də hazırlanmır. Hazırda Azərbaycanla bağlı hesabatın hazırlanması üçün ermənilər cəlb edilib. Ona görə də, müəllifi erməni olan hesabatın Azərbaycana qarşı bu qədər qərəzli olmasında heç bir təəccüblü nəsə yoxdur. Bu sadəcə Amerika siyasəti üçün böyük bir qüsurdur ki, monoetnik bir dövlət olan Ermənistanın mövqeyi müdafiə olunur, multikultural ölkə olan Azərbaycanın mövqeyi isə dini və etnik ayrı-seçkiliyə görə tənqid olunur. Qəbul edilən bu hesabatda Azərbaycanın mövqeyinin tənqid olunması siyasi təhdiddən başqa bir şey deyil.

Sayalı Abasova