Təəssüf ki, ABŞ Azərbaycanda dini duruma öz qərəzli münasibətini növbəti dəfə ortaya qoyub. Baxmayaraq ki, 30 il əzində Qarabağda bütün məscidlərimiz, kilsələrimiz erməni vandalları tərəfindən barbarcasına dağıdıldı, içərisində donuz və inək saxlanıldı. Bugünədək ABŞ buna heç bir reaksiya vermədi. Alban kilsələri, xristian məbədləri dağıdıldı və buna da heç bir reaksiya olmadı. Qarabağda erməni abidələrinə gəldikdə isə, bunların hamısı Azərbaycan tərəfindən qorunur. Yəni bir dənə də olsun fakt göstərilə bilməz ki, hansısa tarixi abidəni Azərbaycan Ordusu dağıdıb.
Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində yer alan əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialarına münasibət bildirərəkən deyib ki, burada ən qərəzli məsələlərdən biri odur ki, indiki Ermənistan ərazisində bizim 300 məscid, 500 qəbiristanlıq dağıdılıb. İrəvanın mərkəzində Sərdar məscidi, həmçinin eyni zamanda Təpəbaşı məhəlləsində Təpəbaşı məscidi ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Eyni zamanda, tarixi Azərbaycan məscidi olan Göy məscid də bu gün İran məscidi kimi dünyaya təqdim olunur. Yəni, bu, bir daha açıq-aydın, qərəzli və ikili standartlı yanaşmanı göstərir. Bu gün Bakının mərkəzində erməni kilsəsi içərisində beş min erməni dilində olan ədəbiyyatla birgə qorunur. Bütün bunlar onu göstərir ki, Azərbaycanda bununla bağlı heç bir problem yoxdur. ABŞ tərəfindən hazırlanan hesabat heç bir konkret fakta əsaslanmır və qərəzlidir.
Ceyhun Məmmədov vurğulayıb ki, ölkəmizdə dini azadlıqlar sahəsində heç bir problen yoxdur. Azərbaycanda bütün tarixi abidələr, o cümlədən dini abidələr qorunur, dini ayinlərin icrası üçün hər cür şərait var. Bakıda dövlət özü sinaqoq tikib, hər il dövlət büdcəsindən yardım ayrılır. Bu gün Qarabağda da eyni qaydada işlər görülür. Kilsə dövlətimiz tərəfindən təmir-bərpa edilir. Azərbaycan bu abidələri qoruyub və qoruyacaq. Amma bu reallıqlara baxmayaraq ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı sözdə dini etiqad azadlığının ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etməsi açıq-aşkar qərəzli yanaşmadır. Bu qərəzli yanaşma Azərbaycan tərəfindən birmənalı şəkildə rədd edilir.
Cavid Əkbərov, “İki sahil”