Ötən gün cənab Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Onlardan biri də, 1918-ci ildən başlayaraq 1970-ci ilədək Azərbaycan torpaqlarının Ermənistana verilməsi məsələsi idi. Ölkə başçısının da qeyd etdiyi kimi, məhz buna görə Ermənistan və onun havadarları sərhədlərin müəyyənləşdirilməsi prosesində ötən əsrin 70-ci illərdə qəbul olunmuş xəritələri əsas götürmək istəyir.
Bu sözləri “İki sahil”ə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli deyib.
O bildirib ki, Ermənistanın sərhədlərin nizamlanması məsələsindəki belə bir mövqeyi qəbul edilə bilməz: “Biz Ermənistan prosesi 1970-ci il xəritələri ilə aparmaq istəyir deyə sərhədləri müəyyənləşdirə bilmərik. Son 100 il ərzində yaradılmış bir çox xəritələr var. İlk növbədə delimitasiya ilə bağlı məsələdə bütün bu xəritələr ümumi olaraq nəzərdən keçirilməli, daha sonda yekun qərar qəbul olunmalıdır”.
Sayalı Abasova, "İki sahil"