20 Yanvar şəhidlərinin mübarizlik ənənəsini davam etdirən Vətən müharibəsinin qəhrəmanları adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə qanları ilə yazdılar
Azərbaycanın müstəqilliyini istəməyənlərin əvvəlcədən hazırladıqları planlara uyğun təşkil edilən 20 Yanvar faciəsi ermənilərdən istifadə edərək mənfur niyyətlərini həyata keçirmək üçün yaranan fürsətlərdən istifadə edən imperiyanın xalqımıza qarşı iki əsrdən bəri davam edən «Parçala, hökm sür» siyasətinin növbəti qanlı təzahürü idi. Azadlıq hərəkatının ilk qığılcımları olan və Naxçıvandan başlayan «Sərhəd hərəkatı» iştirakçılarının şimallı cənublu qardaşları ayıran, uçan quşun belə qonmağına icazə verilməyən, Araz çayı boyunca çəkilən həsrət çəpərinin, tikanlı məftillərin sökülməsini «səbrlə izləyən», hətta mane olmayan «yaşıl paraqlı» sovet hərbçilərinin susqunluğunun, Sumqayıt hadisələrinin səbəbləri sonradan bəlli oldu. Guya «başıpozuq, ekstremist, narkoman gənclərə» qarşı cəza tədbiri kimi törədilən 20 Yanvar hadisələri əslində Azərbaycan xalqının əsrlərdən bəri davam edən imperiya əsarətindən qurtulmaq uğrunda mübarizəsi idi. Soyub, taladıqları Azərbaycanın təbii sərvətlərindən məhrum olacaqlarından qorxan, SSRİ-nin ilk və sonuncu prezidenti ermənipərəst Mixail Qorbaçovun, hayların çoxluq təşkil etdikləri Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) birgə hazırladıqları 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə, dövlət quruculuğu prinsiplərinə zidd adlandıran fərdi pensiyaçı Heydər Əliyev «Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir» sözləri ilə Azərbaycanın ali dövlət, partiya rəhbərliyinin səhvləri üzündən baş verənləri siyasi cinayət adlandırmışdır.
Azərbaycanı canından artıq sevən müdrik siyasətçi Heydər Əliyev faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı teleqramı göndərərək həmvətənlərini belə ağır məqamlarda birliyə , həmrəyliyə çağırdı: « Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə. Azərbaycan xalqına.
Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən- dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa , həmrəyliyə və birliyə çağırıram.
Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.
Heydər Əliyev
Moskva, 21 yanvar 1990-cı il.»
Plana uyğun olaraq 19 yanvar 1990-cı ildə Azərbaycan Televiziyasının enerji blokunu dağıtmaqla əsl həqiqətləri xalqdan, dünya ictimaiyyətindən gizlədən SSRİ DTK-sı, ALFA qrupu müstəqillik uğrunda mübarizəyə qalxan vətənpərvərlərə ekstremist adı verməkdən belə utanmadılar. Azadlıq haqqını tələb edən insanlara qarşı silahlı təzyiq göstərən «qırmızı ulduzlu» hərbçilər «beynəlxalq ailənin» üzvü olduqlarını da unutdular. Müharibə qanunlarını belə pozaraq günahsız yerə öldürdükləri, yaraladıqları insanları daşıyan «təcili yardım» maşınlarına da atəş açdılar. O dövrdə «Qorbaçov yenidənqurma»sının «silahlı yenilik təcrübəsi» insanların nahaqdan tökülən qanları ilə yazıldı. Qaniçənlər unutdular ki, milli azadlıq savaşına qalxan xalqı top-tüfənglə əqidəsindən, torpaq uğrunda şəhid olmaq müqəddəsliyindən çəkindirmək olmaz. Bakıya qoşun yeridilməsinə bilavasitə imkan yaradan, Kremlin əmrlərini yerinə yetirən respublikanın o dövrdəki rəhbəri Əbdürrəhman Vəzirov kimi digər rəhbər kürsülərdə əyləşənlər üçün müqəddəs amal isə kreslo idi.
O vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi bəhanəsi ilə daşnakların Azərbaycan ərazilərinə əsassız iddialarını dəstəkləyən Kremlin ermənipərəst mənsubları soydaşlarımızın Qərbi Azərbaycandan və Qarabağdan çıxarılmasının törədə biləcəyi təhlükələri başa düşmək düşüncəsindən belə məhrum idilər. Ermənistanın ərazi iddiası ilə bağlı tələblərini yerinə yetirən SSRİ rəhbərliyi xalqların milli oyanış istəyini susdurmaq üçün Alma-Atada, Vilnüsdə, Tbilisidə sınaqdan keçirdikləri « təcrübəni» Bakıda da təkrarladı. Qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş « xilaskar qızıl ordu»nun zirehli hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən «paqonlular» Bakıda qanlı qırğınlar törətdilər. İnsanların azadlıq, istiqlaliyyət, müstəqillik səslərini güllələrin dili ilə susdurmağa çalışdılar. Azərbaycanda kifayət qədər ordu birləşmələrinin olmasına baxmayaraq ( 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri) SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın 66 mindən artıq hərbi kontingenti Bakıya gətirilərək Qala, Nasosnu aerodromlarında, Salyan kazarmasında yerləşdirildi.
Əlavə hərbi hissələrin Azərbaycanda yerləşdirilməsinin siyasi təcavüz olduğunu «Belə qərar qəbul etmiş adamların hərəkətlərini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar sadəcə olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər» sözləri ilə bildirən Ulu Öndər Heydər Əliyev Qorbaçov başda olmaqla o dövrdə güc strukturlarına başçılıq edənlərin, Kremlin məsul şəxslərinin- SSRİ müdafiə naziri D.Yazovun, daxili işlər naziri B.Bakatinin, Sov.İKP MK katibi Girenkonun cəzalandırılmasını tələb etdi.
İnsanlar qətlə yetirildikdən sonra Qorbaçovun fərmanı ilə Bakıda, Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət elan olundu. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 132 nəfər qətlə yetiridi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Qırmızı ulduzlu hərbi qulluqçular tərəfindən 200 ev yandırıldı, xeyli dövlət əmlakı məhv edildi. Azərbaycan KP MK-nın rəhbərləri isə hələ də susurdular.
20 Yanvar faciəsindən əvvəl Sov. İKP. MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinininin birinci müavini Heydər Əliyevin Kremldən uzuaqlaşdırılması da Azərbaycana qarşı mənfur niyyətin tərkib hissəsi idi. Prezident İlham Əliyevin «1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən üç ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar» sözləri o dövrdə baş verənlərlə bağlı dəqiq açıqlama idi.
Naxçıvan MR Ali Məclisinin deputatı Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan «1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərar layihəsi müzakirəyə çıxarıldı. Heydər Əliyevin nüfuzu sayəsində 21 noyabr 1992-ci il tarixdə qəbul olunmuş qərar 20 Yanvar hadisələrinə verilən ilk siyasi, hüquqi qiymət oldu. Beş bənddən ibarət həmin tarixi əhəmiyyətli sənəddə qeyd olunurdu ki, 1990-cı il yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə yetirilməsi, göstərilən zorakılıq Azərbaycan xalqına açıq təcavüz kimi ittiham edilsin. Respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın.
3 yanvar 1992- ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin iştirakı ilə keçirilən Rəyasət Heyətinin iclasında qəbul olunan Bəyanatda qeyd edildiyi kimi, hakim mövqeyini saxlamaq üçün xalqına qarşı çoxminli qoşun kontingentinin təcavüzünü təşkil edən respublika rəhbərliyinin qanlı 20 Yanvar faciəsinə siyasi qiymət verməməsi, heç bir əsası olmadan fövqəladə vəziyyət elan olunması da Kremlin çirkin planlarının tərkib hissəsi idi.
Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. «Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”» söyləyən Ulu Öndər Milli Məclisə Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə təkrar baxmağı tövsiyə etdi.
20 Yanvar faciəsi xalqımıza torpaq, Vətən uğrunda şəhid olmaq ləyaqətini qazandırdı. 1990-cı ilin 20 Yanvarında müstəqilliyi uğrunda mübarizəyə qalxan xalqımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistana, erməni faşizmini dəstəkləyənlərə layiq olduqları dərsi verdi. Xalqımız bir oldu, dünyaya həmərylik nümunəsi, torpaq uğrunda ölməyin müqəddəsliyini göstərdi. Şəhidlərimiz düşmənə qalib gəlməyin şərəf, ləyaqət olduğunu dövlətçilik tariximizə qanları ilə yazdılar.
Topxana meşəsində ermənilər tərəfindən törədilən vandalizm aktına etirazla başlanan Vətənə bağlılıq, yurda sahiblik duyğuları yuzlərlə gənci erməni təcavüzkarlarına qarşı mübarizədə eyni məqsəd naminə birləşdirdi. Bu birlik Şuşada, Xankəndidə sarsılmaz gücə çevrildi. Azadlıq sözünü, torpağa əvəzsiz sevgisini qanları ilə yazmış 20 Yanvar şəhidlərinin arzusunda olduqları istiqlaliyyət, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəsini davam etdirən Silahlı Qüvvələrimizin hərbçiləri dünyada qüdrətli dövlət kimi tanınan müstəqil, suveren Azərbaycanın vətəndaşları olduqlarını «dəmir yumruq» ətrafında birləşməklə təsdiqlədilər. Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar qırğınının, Xocalı soyqırımının, artıq tarixin zibilxanasına atılmış «Dağlıq Qarabağ münaqişəsi»ni başlayanların və erməni quldurlarına dəstək verən Fransa kimi digər dövlətlərin maraqlarının qurbanı olan bütün şəhidlərimiz Azərbaycan adlı məmləkətin əbədi varlığını dövlətçilik tariximizə qanları ilə yazdılar. Şəhidlərimizin qanları bahasına suverenliyini təmin edən qüdrətli Azərbaycan bu gün daha möhtəşəm nailiyyətlərə imza atır. 20 Yanvar faciəsində, Birinci və İkinci Qarabağ müharibələrində canlarından keçmiş, Zəfərimizin siyasi rəmzi olan şəhidlərimiz üçrəngli bayrağımıza bürünməklə el hörməti qazandılar. Vətənin bölünməzliyini qanları ilə yazdılar. Xalqımızın təfəkkürünə əbədi mübarizlik ruhu bəxş edərək gənclərimizə xoşbəxt gələcək naminə qətiyyətli olmağı öyrətdilər. Azərbaycanın qazandığı bütün uğurlarda əbədi yaşam haqqı qazandılar. Respublikamızın müxtəlif bölgələrində salınan Şəhidlər xiyabanları bu gün hər bir azərbaycanlı üçün müqəddəs and yeridir.
Xuraman İsmayılqızı, «İki sahil»