16 yanvar 2024 13:12
297

Səudiyyə Ərəbistanı azad edilən ərazilərdə son mina məhv edilənə qədər Azərbaycana dəstək verəcək- Səfir

Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsində köməyimizi göstərəcəyik.

“İki sahil” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli jurnalistlərə açıqlamasında deyib. O, Səudiyyə Ərəbistanının Azərbaycana azad edilən ərazilərdə son mina məhv edilənə qədər dəstək verəcəyini açıqlayıb: "Bizim Azərbaycanla olan layihələrimiz boşuna yaranmayıb. Layihələrimiz iki müqəddəs ocağın vəliəhdinin tapşırığı əsasında yerinə yetirilir. Onların hər ikisinin Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan xalqına böyük hörmətləri var. Səudiyyə Ərəbistanının mina təmizləmə prosesinə dəstəyi iki ölkə arasında əlaqələrin olduğunun bir sübutudur. Biz bir neçə sahədə Azərbaycanla əməkdaşlığımızı genişləndirəcəyik. İstər tibb sahəsində, istər təhsil sahəsində, istər mədəniyyət, istərsə də başqa sahələrdə əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Allahdan istəyirəm ki, Azərbaycan xalqı ilə birlikdə azad edilən ərazilərdə sonuncu minanı tapıb, məhv etməyimizi birlikdə qeyd edək".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

Bu məqsədlə bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əlvadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb.