08 mart 2018 14:49
2134

SOCAR-ın prezidenti neftçi qadınları təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə neftçi qadınlara təbriki

Əziz neftçi xanımlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Əsrlər boyu ülvilik, zəriflik, gözəllik və ləyaqət rəmzi olan Azərbaycan qadını öz istedadı, zəkası, mərdlik və iradəsi ilə ictimai yüksəlişə böyük töhfələr vermiş, cəmiyyətin həyatında, milli-əxlaqi dəyərlərin formalaşmasında müstəsna rol oynamış, dünyaya bəşəriyyətin fikir xəzinəsinin sönməz incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Cəmiyyətimizdə qadın həmişə uca tutulmuş, gələcək nəslin həyata hazırlanmasında onun rolu yüksək qiymətləndirilmişdir.

Ölkəmizin ictimai həyatında qadınların həmişə əhəmiyyətli yer tutduğunu xüsusi vurğulayan ulu öndər Heydər Əliyev demokratik təsisatların inkişaf etdirilməsi, azad cəmiyyət quruculuğu prosesində onların daha fəal iştirakına böyük önəm vermişdir. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qadınların sosial mövqeyinin daha da möhkəmlənməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edərək, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınına xas olan ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri təcəssüm etdirir. Böyük ümumxalq sevgisi qazanmış Mehriban xanım Əliyevanın Azərbaycanın ilk Birinci vitse-prezidenti təyin olunması, dövlət idarəçiliyi sistemində yeni institut olan bu məsuliyyətli və şərəfli vəzifəyə məhz onun layiq görülməsi bütün xalqımızın ürəyindən xəbər vermişdir.

Xalqımız bu gün öz tarixinin inkişaf və yüksəliş dövrünü yaşayır, daha işıqlı gələcəyə doğru inamla addımlayır. Azərbaycan qadınları və onların avanqard qüvvəsi olan neftçi xanımlarımız, həmişə olduğu kimi, yenə də fədakar əməkləri ilə doğma Vətənimizin iqtisadi qüdrətinin yüksəlməsinə böyük töhfələr verirlər. Onlar əzmlə çalışaraq, neftçi xanımlarımızın zəngin əmək salnaməsinə yeni səhifələr yazırlar. Əminəm ki, neftçi qadınlar bundan sonra da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyasının yeni qələbələr qazanması,  müstəqil Azərbaycan dövlətinin  durmadan möhkəmlənməsi, xalqımızın rifah halının yüksəldilməsi naminə var qüvvələri ilə çalışacaq, əvvəlki nəsillərin şanlı ənənələrini uğurla davam etdirəcəklər.

Əziz neftçi qadınlar!

Sizi bir daha qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və firavan həyat arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev
SOCAR-ın prezidenti