18 yanvar 2024 02:38
349

Tariximizin qanlı və şanlı səhifəsi

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub

20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.

Qanlı yanvar hadisələri öncədən planlaşdırılmış hərbi cinayət idi. Hələ 1990-cı il yanvarın 19-da sovet rejimi Bakıda fövqəladə vəziyyət elan etdi. Bu barədə əmrin gecə yarısı həyata keçirilməsi gözlənilərkən  saat 20:00-da Azərbaycan Televiziyası SSRİ xüsusi təyinatlıları tərəfindən partladıldı. Məqsəd xalqa xəbər vermədən onlara silahlı hücum etmək, küçədəki insanları qətlə yetirmək idi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb.

Tibbi ekspertiza nümayəndələri cəsədlərə baxış keçirərkən əsgərlərin dinc əhaliyə qarşı xüsusi təyinatlı güllələrdən istifadə etdiyini müəyyənləşdirmişdir. Müvafiq dairələrdə aparılan araşdırmalara görə, əsgərlərin istifadə etdiyi MJV-13 tipli mərmilərin ağırlıq mərkəzi dəyişdirilmişdir. Bu isə güllənin maneəyə rast gəldiyi zaman gediş istiqamətini dəyişməsinə səbəb olur. Bu tip güllələrin insan bədəni ilə təması əsnasında mərmi üzərindəki qabığın parçalanması və nüvədən ayrılması nəticəsində zərər gücü xeyli artırdı.

Bu qətliamın məqsədinin başlıca olaraq Azərbaycan milli azadlıq hərəkatına zərbə vurmaq olduğu aşkar görünür. Qarabağ müharibəsi ilə birlikdə yurdlarından köçürülən azərbaycanlıların sovet hakimiyyətinə qarşı narazılığı gündən-günə artmışdı. Eyni zamanda, təbii sərvətlər baxımından zəngin olan Azərbaycanın müstəqillik qazanması sovet hökuməti üçün son dərəcə arzuolunmaz bir hadisə idi. Bu səbəbdən sovet rejimi Azərbaycanda yüksələn müstəqillik hərəkatını nə yolla olursa-olsun yatırmaq, sovetlərə bağlı digər respublikaların heç vaxt müstəqillik hərəkatına can atmamaları üçün onlara da bir ibrət dərsi vermək qərarına gəlmişdi. Nəticədə Qanlı Yanvar qırğını baş verdi. Bundan sonrakı prosesdə digər respublikalar da hərəkətə keçdi. 1991-ci ildə onların hamısı müstəqilliklərini elan etdilər.

Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmiş dahi şəxsiyyət Heydər Əliyevin bütün maneələri aşaraq faciənin ertəsi günü Moskvada mətbuat konfransı keçirməsi, sovet rejimini ifşa etməsi və həqiqəti dünya ictimaiyyətinə çatdırması da bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur.

Bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov riyakarcasına sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinə onu fövqəladə şəraitin məcbur etdiyini bildirmişdi. Guya bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atılmışdı.

Moskvada Azərbaycan Nümayəndəliyində keçirdiyi mətbuat konfransında isə Ümummilli Lider  vəziyyəti vaxtında nizama salmağın mümkünlüyünü aydın göstərmişdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır.

Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

Böyük siyasət və dövlət xadimi Heydər Əliyev az sonra Vətənə dönəndə Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndərin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Ümummilli Lider hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarının müdafiəsinə qalxdığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan rəhbərliyindən tələb edilirdi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri təəssüflər olsun ki, faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin  prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Ümummilli Lider 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu Öndərin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əkili qoyur.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.  Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Bəli, ötən illər ərzində xalqımızın mübarizə əzmi əyilmədi, əksinə bu istiqamətdə gücümüzü artırdıq, iradəmizi möhkəmləndirdik. 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə bunu bir daha sübut etdi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq savaşımız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Bu Zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Nigar Orucova, “İki sahil”