18 yanvar 2024 11:18
351

Şərəfli tarix, milli birlik və vətənpərvərlik simvolu

“20 Yanvar şəhidlərinin əsl qəhrəmanlığı Azərbaycan xalqı üçün,Azərbaycan gəncləri üçün örnəkdir.Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər...Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa,nə qədər ağır itkidirsə,   o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi,örnək kimi bizim milli sərvətimizdir,milli iftixarımızdır.”

Ümummilli Lider Heydər Əliyev

20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixi,  milli birlik və vətənpərvərliyin simvoludur. Zaman axınında unudulmayan, xalqın, millətin yaddaşında əbədiləşən tarixi hadisələrdəndir.20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsidir.

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan  xətt  üzrə  davam  edən gərginliyin qarşısını almaq  əvəzinə,Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi.Yanvar  ayının 19-dan 20-nə keçən gecə xəbərdarlıq edilmədən Bakıda fövqəladə vəziyyət elan olundu və dərhal da qoşunlara hücum əmri verildi.Bu hadisə  nəticəsində bir gecədə Bakıda aralarında azyaşlıların, qocaların və qadınların da olduğu 131 nəfər öldürüldü,744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Xalq öz şəhidlərinin xatirəsini əziz tutub sovet rəhbərliyinin bu addımına etiraz əlaməti olaraq 40 günlük matəm tətilinə çıxdı.40 gun ərzində Bakıda heç bir müəssisə, fabrik, zavod işləmədi. Faciədən dərhal sonra 1990-cı il yanvarın 21-də böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzasını tələb etdi.

Azərbaycan xalqı 20 yanvar hadisələrində dinc əhaliyə qanlı divan tutan Sovet İttifaqının tərkibində qalmağın heç bir mənasının olmadığını, yalnız müstəqilliyi bərpa etməklə öz hüquqlarını qorumağın mümkün olduğunu aydın dərk etdi və bu yolda inamla irəlilədi . Artıq şəhidlərimizi bütöv Azərbaycanın, qalib ölkənin vətəndaşları kimi qürurla ziyarət edirik. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zəfərlə başa çatıb, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb. Bu yolda canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin ! Ruhları şad olsun !

İradə Bağırova, 
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü