20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran, qəlblərində gəzdikləri doğma torpağın bütövlüyünü, toxunulmazlığını, azadlığını qorumaq hissidir. Sonrakı bütün tarix boyu 20 Yanvar şəhidləri yaddaşlarda qalacaq və əbədi yaşayacaqdır. 20 Yanvar faciəsi bizə müqəddəs bir and yeri bəxş etdi. Doğma Bakımız Dağüstü park kimi tanınan ünvanı möhtəşəm bir məzara çevrildi və ilk şəhidlərini qəbul edərək Şəhidlər xiyabanına döndü. Bu müqəddəs yer bugünkü azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin ziyarətgah yerinə çevrildi. Hər il 20 Yanvar faciəsinin tarixi ildönümündə Şəhidlər xiyabanı sanki gül yağışına qərq olur.
Uşaqlardan böyüyədək bütün Azərbaycan xalqı həmin gün Şəhidlər xiyabanını ziyarət edir. Bəli, bu gün də Azərbaycan şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır.
Müdrik dövlət başçısı ULu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi, bu inamı və əqidəni daha da möhkəmləndirmişdir. Yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş şəxslərə dövlət başçısı tərəfindən «20 Yanvar şəhidi» fəxri adının verilməsi o günü bir daha gələcək nəsillərin yaddaşına həkk etdirdi. Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq, əbədi xatirə kimi həmişə yad edəcəkdir. Onların xatirəsi bizim üçün əbədi və müqəddəsdir!
Aytən Cəyiyeva,
Bakı şəhəri, Xətai rayonu 27 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü