19 yanvar 2024 00:36
1378

Ekosistem bərpa edilməli, alternativ enerji növləri yaradılmalıdır - Zamanın tələbi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında 198 üzv dövləti özündə birləşdirən COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbulu Prezident İlham Əliyevin beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun, Azərbaycanın mühum tədbirlərə ev sahibliyi sahəsində qazandığı zəngin təcrübəsinin nəticəsidir

2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunmuş Paris Razılaşmasını imzalayan 171 ölkənin dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə mühüm addım atdılar. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı məqsədilə fond da yaradıldı. Məqsəd təmiz enerji mənbələrinə keçməklə ətraf mühitə atılan karbon qazı ifrazını azaltmaq, eko sistemi zəhərli maddələrdən qorumaq idi. Bu təşəbbüs iqlim böhranını həll etmək naminə atılan konkret addım kimi beynəlxalq səviyyədə dəstəkləndi.

Ötən il dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında - COP28-də Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində də ətraf mühitin qorunması üçün ən önəmli, aktual problemlər ciddi müzakirə olundu. Həmin tədbir çərçivəsində Azərbaycan Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə «Azərbaycanda bərpaolunan enerji investisiyaları üçün imkanlar» mövzusunda təşkil olunan tədbir maraqla qarşılandı. Təhlükəsiz enerji güclərinin yaradılmasına mühüm töhfələr verən ölkəmizlə beynəlxalq enerji şirkətləri arasında əməkdaşlığın müstəsna əhəmiyyətini diqqətə çatdırıldı. Azərbaycanın artıq 7 beynəlxalq şirkətlə «yaşıl enerji» tərəfdaşlığı yüsək dəyərləndirildi. Bildirildi ki, 2030-cu ilədək «yaşıl artım» ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq Azərbaycanın sosial-iqtisadi inkişafa dair milli prioritetlərindəndir.

BƏƏ-in tanınmış «Masdar» şirkətinin ölkəmizdə inşa etdiyi, MDB və Xəzər regionunun ən böyük Günəş elektrik stansiyasının istifadəyə verilməsi alternativ enerji sahəsində mühüm addım kimi dəyərləndirildi. Prioritet kimi diqqətə çatdırıldı ki, 2027-ci ilədək 230 MVt-lıq bu stansiyadan əlavə «Masdar», «ACWA Power», bp, «China Gezhouba», «Nobel Energy» və «Baltech» tərəfindən 1,6 QVt-dan çox gücdə 8 Günəş və külək elektrik stansiyasının inşası nəzərdə tutulur. 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə əlavə olaraq xarici investisiyalar hesabına 8 QVt-dan çox «yaşıl enerji» layihələri xarici investisiya hesabına reallaşdırılacaq. Həmçinin 2031-2037-ci illərdə «yaşıl enerji», hidrogen, «yaşıl ammonyak»ın istehsalı və ixracı məqsədilə təxminən 19 QVt həcmində güclərin yaradılması da planlaşdırılır. Azərbaycan pavilyonunda 17 tanınmış enerji şirkət və təşkilatın təmsil olunması «yaşıl enerji» sahəsində zəngin təcrübəyə malk ölkəmizə artan maraq kimi diqqət çəkdi.

Bəllidir ki, iqlim dəyişikliyi, ətraf mühitin qorunması, təbii fəlakətlərlə birgə mübarizə hazırda dünya ictimaiyyətini düşündürən həyati əhəmiyyətli məsələlərdəndir. Dəniz və okeanlarda yaranan təhlükələr, buzların əriməsi, çaylarda, göllərdə suların həcminin azalması, bəzi hallarda qurumanın, torpaqların şoranlaşması hallarının artması canlı mühitin yaşayışı üçün ciddi təhlükələr yaradır. Nəqliyat vasitələrindən atmosferə axıdılan zərərli qazların, qlobal temperaturun artması ilə havanın çirklənməsi normaldan artıq olur. Meşə yanğınları, sel, tufan, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakətlər insanların sağlamlığı üçün böyük təhlükələr yaradır. Müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə vurulan ziyanla bağlı potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması zərurəti yaranır.

Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistanın Azərbaycana qarşı törətdiyi vandallıq, təbii sərvətlərimizi istismar etməsi nəticəsində ölkəmizin fauna və florasına vurulan ziyanlar, su hövzələrinin, bulaqların qurudulması, meşələrin, yaşıllıq zonalarının yandırılması bütünlükdə ekoloji fəlakət kimi dünya ictimaiyyətinə bəllidir. Ermənistan silahlı birləşmələrinin dağıtdıqları şəhər və kəndlər insan yaşayışı, bütünlükdə canlılar üçün yaratmaz haldadır. 30 il ərzində erməni vandalların işğalı altında qalan, dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən olan Azərbaycan ərazilərdə basdırılan minalar təkcə insanlara deyil, həm də ətraf mühitə, flora və faunaya çox ciddi ziyan vurur, təbiəti, ekoloji tarazlığı pozur, aqrar sahənin inkişafını ləngidir. Çox təəssüf ki, ən ciddi ekoloji terror olan mina təhlükəsi bu gün də davam edir. Qarabağ və Şərqi Zəngəzurda 1,5 milyondan çox mina və hərbi sursatın partlamamış şəkildə mövcudluğu ehtimalı daha çoxdur.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə erməni terrorçularının basdırdıqları minaların xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı Ermənistan hakimiyyəti, beynəlxalq təşkilatlarla danışıqlar aparılsa da insanların həyatı, ətraf mühitin qorunması kimi mühüm əhəmiyyətə malik bu təklifə məhəl qoyulmur. Ermənilər tərəfindən dağıdılan Qaragöl Dövlət Təbiət Qoruğunda, eləcə də Qubadlı, Laçın və Daşaltı Təbiət yataqlarında bioloji müxtəlifliyin və ekosistemin pozulması, su anbarlarının dağıdılması nəticəsində yararlı torpaqlardan istifadə imkanları xeyli məhdudlaşıb. Qarabağ iqtisadi rayonunda olan Oxutçay, Köndələnçay, Qorçuçay, Çərəkan çay, Qarqarçay, Qaraçay, Qabartı çayı və bütövlükdə bütün çay və çay yataqları ekoloji terrorun qurbanı olub, suyu qurudularaq, məcraları dəyişdirilib. Çaylara piyada əleyhinə minalar axıdılıb ki, bu da çayın mənsəbində yaşayan dinc əhali üçün çox böyük fəsadlar törədir, insan itkisinə səbəb olur. Eyni taleyi Sərsəng, Suqovuşan, Xaçınçay su anbarları da yaşayıb.Qarabağın dilbər guşəsi olan Ağdamın ərazi, bitki örtüyü, meşə massivləri, su hövzələri, hətta kəhrizləri, (təqribən 97) və quru ərazi - şəhər və kəndlər o dərəcədə dağılıb, viran qoyulub.

Azərbaycana məxsus «Qızılbulaq»” qızıl və «Dəmirli»” mis-molibden yataqlarını istismar edən erməni vəhşiliyinin qarşısının alınması məqsədilə azərbaycanlı ekofəalların Şuşa-Laçın yolunda 138 gün davam edən etiraz aksiyasını görməzdən gələn UNESCO kimi bir çox beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana səfərləri baxımından COP29-un sessiyasının bu il ölkəmizdə keçirilməsi xüsusilə əhəmiyyətlidir.

Bu kimi təhlükələrin aradan qaldırılması, ətraf mühitin yenidən yaralı hala salınması üçün Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən hazırlanan Böyük Qayıdış Proqramında nəzərdə tutulan bərpa-quruculuq işləri davam etdirilir. Dövlət başçının Sərəncamı ilə ölkəmizdə 2024-cü ili «Yaşıl dünya naminə həmrəylik ili» elan olunması, konkret proqramlar əsasında həyata keçiriləcək quruculuq işləri ölkəmizin geosiyasi və geostrateji mövqeyinin daha da möhkəmləndirəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında 198 üzv dövləti özündə birləşdirən COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbulu Prezident İlham Əliyevin beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun, Azərbaycanın dünyada qüdrətli ölkə, mühüm tədbirlərə ev sahibliyi sahəsində qazandığı zəngin təcrübənin nəticəsidir. Dünyanın hər yerindən gələcək qonaqlar işğaldan azad edilmiş ərazilərimizdə erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olacaqarlar. Bu tədbir ölkəmizin iqtisadiyyatına böyük səmərə qazandıracaq turizmin inkişafına da təkan verəcək.

 Dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın «yaşıl enerji» ilə bağlı təcrübəsi beynəlxalq səviyyədə dəstəklənməsi səbəbsiz deyil. Buxarestdə imzalanan «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında «yaşıl enerji»nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» ölkəmizin müəllifi olduğu tərəfdaşlıq formatına, şaxələndirmə siyasətinə marağı artırdığı kimi, Yunanıstan- Bolqarıstan, Serbiya-Bolqarıstan Qaz interkonnektorlarının açılış mərasimləri ilə diqqət yenə də ölkəmizə yönəldi. Aktual, eyni zamanda, qlobal miqyaslı geosiyasət, təhlükəsizlik, iqtisadiyyat, enerji ilə təminat məsələlərini əhatə edən Orta Dəhliz layihəsinin əsas iştirakçılarından olan, Avropa ölkələrinin enerji ilə təminatında rolu artan Azərbaycan artıq bərpaolunan enerji mənbələrindən istifadə sahəsində zəngin təcrübəyə malikdir. Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyin hədəfə alınması ilə bağlı açıqlamalardan da aydın olur ki, bu səylərin Azərbaycanla Mərkəzi Asiya ölkələri ilə bağlılığını artıracaq. Prezident İlham Əliyevin «Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək» sözlərindən də aydın olur ki, Avropanın enerji təhlükəsizliyinə töhfə olan xeyirxah təşəbbüslər enerji dəhlizlərinin yaradılması istiqamətində atılan mühüm addımlardır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumuna uyğun reallaşan təşəbbüslər qitə dövlətlərinin mühüm elektrik enerjisi təchizatçısı Azərbaycanın «yaşıl enerji» ilə təminat sahəsindəki rolunu artırır. 2027-ci ilə qədər ölkəmizdə 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsalı da planlaşdırılır ki, onların 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması da nəzərdə tutulur.

Ötən il respublikamızda Bakı Enerji Həftəsi çərçivəsində Şuşada keçirilən «Xalis sıfra aparan yol: İşğaldan azad edilmiş ərazilərin «yaşıl enerji» potensialının inkişafı» mövzusunda xüsusi sessiyada da Azərbaycanın alternativ enerji siyasəti qabaqcıl təcrübə kimi dəyərləndirilmişdir. Bildirilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi çərçivəsində 20 meqavatlıq elektrik stansiyalarının istismara verilməsi Şuşa da daxil olmaqla bu ərazilərdə 19 yarımstansiyanın inşa və bərpa edilməsi Azərbaycanın dünyada enerji təhlükəsizliyi ilə bağlı mövqeyini möhkəmləndirir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qeyd olunduğu kimi, bu tədbirinin Bakıda keçirilməsi ilə bağlı qərar Azərbaycana növbəti böyük etimad və inamdır. «Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi» söyləyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, bu hörmət irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik ölkəmizin üzərinə böyük məsuliyyət qoyur.

Konfransın əhəmiyyətini «Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq» sözləri ilə diqqətə çatdıran dövlət başçımız əminliklə söyləyir ki, COP29 beynəlxalq konfransı yüksək səviyyədə keçiriləcək və ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Dünyada hər kəs bir daha görəcək ki, Azərbaycanın inkişaf konsepsiyası «yaşıl enerji» ilə bağlıdır. İşğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması ilə ekosistemin bərpası, alternativ enerji növlərinin yaradılması və «yaşıl enerji»nin dünya bazarlarına nəqli Azərbaycanın enerji diplomatiyasının prioritetidir.

Xuraman İsmayılqızı, «İki sahil»