İstehsalat Birliyi artıq mənzillərdə və obyektlərdə texniki müayinələrə başlayıb
Yanvarın 10-da SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıda mebel sexində baş verən partlayışın təbii qazdan olması ilə bağlı iddialara və suallara münasibət bildirərkən deyib ki, bu sexdə «Azəriqaz» tərəfindən qazlaşdırma həyata keçirilməyib: «Biz dəfələrlə demişik ki, təbii qaz mebel sexinə deyil, onun aid olduğu ofisə çəkilib. Ofisdə isə heç bir yanğın hadisəsi baş verməyib. Hətta indiyə qədər yanğın yerinə baxış keçirən dövlət qurumlarından da partlayışın qazdan baş verməsinə dair açıqlama olmayıb.»
Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A. Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
E. Vəliyev qaz xətlərinə qeyri-qanuni müdaxilələrdən də danışıb. Bildirib ki, bu yaxınlarda Bakıətrafı kəndlərinin birində 500 metrlik qaz boru xəttinin üzərində 20 kənar müdaxilə aşkar edilib: «Həmin xəttin sonunda yaşayan sakinlər dayanmadan «Azəriqaz»a qazın təzyiqinin aşağı olması ilə bağlı müraciət edirdilər. Təsəvvür edin ki, həmin o 20 kənar müdaxilədən 50 % qaz qonşuların fərdi yaşayış evlərinə gedirsə, 50 %-də havaya gedir. Belə olan halda qazın təzyiqi təbii olaraq aşağı düşür, nəticədə isə qonşulara qazın təzyiqi gedib normal çatmırdı».
O, abonentlərə qaz xətlərinə qeyri-qanuni qoşulmalara və müdaxilələrə getməməyi tövsiyə edərək, onsuzda gec-tez bu cür halların aşkara çıxacağını bildirib: «Abonent aylardı qazın istehlakına görə sabit ödəniş edir və birdən təzyiqin kəskin azalması baş verir. Hesablama yolu ilə kənar müdaxilənin edildiyi dövr müəyyən olunur və Birliyə dəyən ziyanın ödənilməsi təmin edilir. Bu hallar təkrarlandığı təqdirdə artıq biz qanun çərçivəsində tədbirlərin görülməsi üçün həmin şəxslər haqqında hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalırıq.»
Tədbirdə mənzil, ev və obyektlərdə aparılan texniki müayinələr barədə məlumat verilib. Bildirilib ki, artıq bu işə bir neçə gündür ki, başlanılıb.
Elçin Zaman, "İki sahil"