20 yanvar 2024 00:00
498

20 Yanvar yalnız hüzn günü deyil

Bu, həm də mübariz bir xalqın varlığını təsdiq edən şanlı qəhrəmanlıq tarixidir

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi yolunda çoxlu şəhid versə də bu müqəddəs mübarizədə sınmadı və onun milli ruhu sarsılmadı. Mərd övladlarımız misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldi. Bu, 20 Yanvar faciəsini səciyyələndirən ən mühüm məqamlardan biridir.

Vaxtilə Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: «1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur».

20 Yanvar faciəsi Sovet imperiyası tərəfindən  əvvəlcədən  planlaşdırılmış hərbi cinayət idi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Lakin bununla çirkin niyyətinə çata bilmədi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Bu, Sovet imperiyası tərəfindən  əvvəlcədən  planlaşdırılmış qatı hərbi cinayət idi.

1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək  Qala və «Nasoslu» aerodromlarında, respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Elə ona görə də yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu qanlı faciədən sonra Sovet imperiyası Aszərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər.

Həmin vaxt ölkəyə rəhbərlik edənlər bu hadisələrə hüquqi-siyasi qiymət verməyə cəsarət etmədilər. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

İnsanlığa xas olmayan bu faciəyə ilk siyasi-hüquqi qiymət də Ulu Öndər tərəfindən verildi.  Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Heydər Əliyev xalqın təkidi tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra təhlükələrdən qorxub çəkinmədi. Sovet hakimiyyətinin 20 Yanvar cinayətinə etiraz edərək xalqın başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis «1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında» qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Onun Fərmanı ilə 1998-ci ildə «20 Yanvar Şəhidi» fəxri adı təsis edildi.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan SOS siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

20  Yanvar hadisəsi  Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın tarixində şərəfli səhifədir. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti ilə Qarabağdakı separatçı xuntanın məhv edilməsi və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması 20 Yanvar şəhidlərinin, o cümlədən  torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmamasının, ruhlarının şad edilməsinin təsdiqidir.

20 Yanvar hadisələri həm də tariximizin və ədəbiyyatımızın baş mövzularıdır. Ötən 34 ildə qəhrəman oğullarımızın ləyaqətli mübarizələrinə saysız- hesabsız əsərlər, tarixi salnamələr yazılıb. Çünki şair demişkən:

Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.

Elçin Zaman, «İki sahil»